Çempionlar Liqasında yarımfinal həyəcanı
Tarix: 1-05-2017, 14:11
Bu həftə UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
SİVİL.AZ xəbər verir ki, görüşlərdən biri sabah, digəri isə mayın 3-də baş tutacaq.
İlk oyun günü Madrid derbisi ilə yadda qalacaq. Çempionlar Liqasının son qalibi “Real” turnirin son finalçısı “Atletiko”nu qəbul edəcək. “Real” ÇL-də həmşəhəri üçün arzuolunmaz rəqibdi. Ötən mövsüm əsas və əlavə vaxtı heç-heçə nəticələnən həlledici görüşün penaltilər seriyasında “Atletiko” rəqibinə boyun əymişdi. 2013/2014 mövsümünün də finalında məhz bu iki komanda üz-üzə gəlmişdi. Həmin vaxt görüşün əsas vaxtı 1:1 hesabı ilə nəticələnmiş, lakin əlavə 30 dəqiqədə “Real” rəqib qapısından daha 3 top keçirərək, turnirin qalibi adını qazanmışdı.
Bu komandaların La Liqanın cari mövsümündə baş tutan görüşlərindən birində “Real” qələbə qazanıb (3:0), digərində isə bərabərlik (1:1) qeydə alınıb. Madridin hər iki təmsilçisi İspaniya çempionatının XXXV turunda qələbəyə imza atıb. “Atletiko” səfərdə “Las Palmas”a futbol dərsi keçdiyi halda (5:0), “Real” öz meydanında “Valensiya”nı çətinliklə üstələyib – 2:1.
Zinəddin Zidanın yetirmələri oyuna itkilərlə çıxacaq. Belə ki, komandanın aparıcı üzvləri – Pepe və Qaret Beyl zədəli olduqları üçün derbini buraxacaqlar. “Atletiko”da isə Yannik Karrasko, Xuanfran və Sime Vrsalykonun zədəsi var.
Digər yarımfinal görüşündə “Monako” və “Yuventus” üz-üzə gələcək. Hər iki komanda cari mövsümü əla keçirir. Təsadüfi deyil ki, “Monako” Fransa çempionatında, “Yuventus” isə İtaliya A seriyasında turnir cədvəlinə başçılıq edir. Liqa-1-in XXXV turunda “Tuluza”nı üstələyən “Monako” ən yaxın izləyicisi PSJ-ni 3 xal qabaqlayır. Nəzərə alaq ki, “Monako”nun ehtiyatda 1 oyunu da var. Leonardo Jardimin komandası cari mövsümdə Fransa çempionatının ən məhsuldar komandasıdı – 95 qol. “Monako” Çempionlar Liqasında da bu bacarığını nümayiş etdirir.
A seriyasının XXXIV turunda “Atalanta” ilə heç-heçə (2:2) edən “Yuventus” isə sona 4 tur qalmış ən yaxın izləyicisi “Roma”nı 9 xal qabaqlayır.
ÇL-in qrup mərhələsində “Bayer”, “Tottenhem” və Moskva MOİK-ini qabaqlayaraq, birinci pillənin sahibi kimi 1/8 finala adlayan “Monako” bu mərhələdə “Mançester Siti”ni mübarizədən kənarlaşdırıb. Knyazlıq klubu ¼ finalda isə Dortmund “Borussiya”sından güclü olub.
“Yuventus” isə Çempionlar Liqasının cari mövsümündə məğlubiyyətin nə olduğunu bilmir. “Sevilya”, “Lion” və Zaqreb “Dinamo”su ilə birlikdə çıxış etdiyi H qrupundan lider kimi növbəti mərhələyə yüksələn “qoca sinyora” 1/8 finalda “Porto”nu (2:0, 1:0), ¼ finalda isə “Barselona”nı (3:0, 0:0) mübarizədən kənarlaşdırıb.
Çempionlar Liqası
Yarımfinal mərhələsi, ilk oyunlar
2 may
22:45. “Real” (Madrid, İspaniya) – “Atletiko” (Madrid, İspaniya)
3 may
22:45. “Monako” (Fransa) – “Yuventus” (İtaliya)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər