Vidadi Zeynalov: "Rəhbərliyin göstərişini yerinə yetirmişəm"
Tarix: 3-05-2017, 16:33
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
SİVİL.AZ xəbər verir ki, APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Vidadi Zeynalov ifadə verib. O, ifadə verməyi düşünmədiyini, ifadə verənlərin dediklərindən heç bir cinayət əməli törətmədiyinin üzə çıxdığını bildirib: "İlkin ifadəmdə göstərdiyim kimi, rəhbərliyin göstərişlərini yerinə yetirmişəm. Amma ictimaiyyətə məni cinayətkar kimi təqdim etdilər. İfadə verirəm ki, qorxduğumu düşünməsinlər. Çox insan çıxışımı səbirsizliklə gözləyirdi. Deyəcəklərim çoxdur, lakin özümü yormaq istəmirəm. Səbəbkar vicdan əzabı çəkəcək. İstəmirəm, kiməsə problem yaransın. İttihamın yazdığı rəqəmlərlə razı deyiləm. Məhkəmədə bir az ədalət olsa, “1+1 = 2” yazılar. Əgər etməyəcəksə, sağ olsunlar. Əsl günahkarların cəzalandırılmasına çox az qalıb. Mən və həbsaxanda olan digər şəxslər də bu günü gözləyir”.
V. Zeynalov bank, maliyyə, xəzinə ilə bağlı qanunların hazırlanmasında iştirak etdiyini bildirib: “Evlərimi satıb İqtisad Universitetini təmir etdirmişəm. Beş dərs vəsaiti yazmışam. Xarici jurnallarda məqalələrim dərc olunub. Məsul şəxs olmamışam, heç bir sənədlərin altında imzam yoxdur. Günahım odur ki, əlavə tapşırıq veriləndə qəbul eləmişəm. Buna görə övladlarımın gələcəyinə ləkə gətirdim. Buna görə, xalqımdan və prezidentdən üzr istəyirəm. Allah günahımdan keçsin. İstintaq dövründə dəymiş ziyanı ödəmək istədim, imkan vermədilər.
İstintaq qrupunun rəhbərinə də dedim ki, bunları qaynadan, Əli Abbasovun yerinə keçmək üçün çalışan İltimas Məmmədov niyə həbs edilmir? Heç olmasa, obyektivlik naminə çağırılıb ifadəsi alına bilərdi. Neçə dəfə təxribat törədib, pul hamıdan çox ona çatıb. Bu işlərdə daha günahkardır. O, 3 dəfə beynəlxalq tədbirlərdə bilərəkdən təxribat törədərək Əli Abbasovun işdən çıxarılmasına nail olmaq istəyirdi. Məhkəmə kimdən və niyə çəkinir?
Vaxtilə mənə və qardaşıma ölkədən köçməyimiz məsləhət görülmüşdü. Dedilər ki, burada biz ancaq çoban ya balıqçı ola bilərik, getməsək, peşman olacağıq. Əhəmiyyət vermədik. Günahkar olsaydım, əmlaklarımı ailə üzvlərimin, yaxınlarımın adına keçirməzdim. Başqaları kimi xaricə çıxarardım. İndi də imkan vermirlər ki, əmlaklarımı satıb, dəymiş zərəri ödəyim. Məhkəmədən də xahiş edirik ki, ekspertlərin də müəyyən etdiyi məbləğlə əmlaklarımın satılmasına şərait yaradılsın. Buna da razı deyillərsə, desinlər, müştəri axtarmayaq.
Həmin dövrdə hesablamalar dollarla olduğu halda ittiham aktında manatla yazılaraq qiymətlər 25 faizə qədər şişirdilib. Yoxlama aparanları yaxşı tanıyıram. İnanmıram ki, onlar bu ittiham aktında göstərilən məlumatları, məbləğləri, nöqsanları öz iradələri ilə yazıblar. Maliyyə Nazirliyi iki şey bilir - yoxlama və hesab çıxarmaq. Bu qədər “ağa” “qara” yazmaq allahsızlıqdır. İttiham aktını oxuyanda səhvləri yox, düzü axtarmağa məcbur olmuşdum. Bunlar baş vermiş hadisəyə istintaq orqanın münasibətini göstərir".
V. Zeynalov səhhətinin yaxşı olmadığını deyərək, fasilə verilməsini xahiş edib. İclas mayın 10-na təxirə salınıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər