T. Janjua: Pakistan Azərbaycanla əlaqələrin bütün sahələrdə inkişafına önəm verir

Xəbərin çap versiyası
Tarix: 5-05-2017, 11:31
T. Janjua: Pakistan Azərbaycanla əlaqələrin bütün sahələrdə inkişafına önəm verir


Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin yeni xarici işlər katibi xanım Təhminə Janjua ilə görüşüb.

SİVİL.AZ xəbər verir ki, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bildirən səfir ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf etdiyini, Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, beynəlxalq məsələlərdə hər iki ölkənin bir-birini dəstəklədiyini qeyd edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfərinin, eləcə də Pakistan Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin Azərbaycana səfərlərinin əlaqələrin inkişafına təkan verdiyini vurğulayıb.

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən humanitar və sosial yönümlü layihələrin xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verdiyini bildirən səfir Pakistanla bütün sahələrdəki qarşılıqlı əməkdaşlığın, iqtisadi, ticari, hərbi-texniki əlaqələrin inkişafı üçün səylərin daha da artırıldığını, mədəni əlaqələrin gücləndirilməsi və xalqlarımız arasında münasibətlərin daha da yaxınlaşması istiqamətində işlərin davam etdiyini vurğulayıb.

Xanım Təhminə Janjua Azərbaycan-Pakistan münasibətlərinin yüksək səviyyəyə çatmasında hər iki ölkə rəhbərlərinin önəmli rolunun olduğunu qeyd edib, bu istiqamətdə qarşılıqlı səylərin artırılacağını bildirib.

Xarici işlər katibi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllinin təkcə Azərbaycanın deyil, eyni zamanda, Pakistanın da marağında olduğunu söyləyib. O, Dağlıq Qarabağ məsələsində Pakistanın prinsipial mövqeyinin, Azərbaycana dəstəyinin hər kəsə bəlli olduğunu diqqətə çatdırıb. Azərbaycanla əlaqələrin bütün sahələrdə daha da inkişafına önəm verdiklərini bildirən Təhminə Janjua bu il Pakistanla Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasının 25-ci ildönümünün qeyd olunduğunu, hər iki ölkənin Xarici İşlər nazirlikləri arasında bundan sonra da səmərəli əməkdaşlığın və siyasi məsləhətləşmələrin davam edəcəyini vurğulayıb.

Səfir Pakistanın Dağlıq Qarabağ məsələsində daim Azərbaycanın yanında olmasının, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımamasının ölkəmizdə yüksək qiymətləndirildiyini bildirib. (AZƏRTAC)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz