Boksçularımız beynəlxalq turnirdə 2 medal qazanıb

Xəbərin çap versiyası
Tarix: 8-05-2017, 10:49
Boksçularımız beynəlxalq turnirdə 2 medal qazanıb


Mayın 3-6-da Polşanın paytaxtı Varşavada kişi və qadın boksçular arasında Feliks Stammanın xatirəsinə həsr olunan beynəlxalq turnir keçirilib.

SİVİL.AZ xəbər verir ki, Azərbaycan Boks Federasiyasından məlumata görə, XXXIV dəfə təşkil olunan A kateqoriyalı ənənəvi yarışa Azərbaycan yığması da qatılıb.

23 ölkənin mübarizə apardığı turnirdə millimiz 6 qadın boksçu ilə təmsil olunub. Səfərə baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında yollanan komandamız turniri 2 medalla başa vurub.

Yığmamızın lideri Anna Əlimərdanova Varşavada bütün rəqiblərindən üstün olub. 57 kq çəki dərəcəsində çıxış edən Avropa Oyunlarının bürünc medalçısı finalda amerikalı Vendi Cesi ilə qarşılaşıb. 4:0 hesabı ilə qalib gələn Əlimərdanova qızıl medala yiyələnib.

Komandamızın aktivinə digər medalı Şəhla Allahverdiyeva yazdırıb. 69 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz həlledici görüşdə almaniyalı Nadine Apitslə qarşılaşıb. 0:5 hesabı ilə məğlub olan təmsilçimiz gümüş medalla kifayətlənib.

Yarışı 1 qızıl və 1 gümüş medalla başa vuran qadınlardan ibarət yığmamız komanda hesabında ikinci yeri tutub.

Qeyd edək ki, digər boksçularımızdan Viktoriya İsmayılova (51 kq) ilə Məhsəti Həmzəyeva (57 kq) 1/8, Anaxanım Ağayeva (51 kq) və Yana Alekseyevna (60 kq) 1/4 finalda məğlubiyyətə üzülüb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz