“Porsche” ilə gənc ananı öldürən Ağaəlidən xəbər var

Xəbərin çap versiyası
Tarix: 12-05-2017, 00:00
“Porsche” ilə gənc ananı öldürən Ağaəlidən xəbər var


Bir neçə gün əvvəl Bakının Sabunçu rayonunda yetkinlik yaşına çatmayan oğlanın “Porsche” markalı avtomobillə gənc qadını vurub öldürməsi hadisəsindən sonrakı proseslərlə bağlı bəzi məsələlər aydınlaşıb.

SİVİL.AZ-ın verdiyi məlumata görə, hadisəni törətmiş və barəsində Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə iş açılmış 2001-ci il təvəllüdlü Fərəcli Ağaəli Füzuli oğlu hazırda Bakıdadır və istintaq nəzarəti altındadır. Onun barəsində məhkəmə tərəfindən hər hansı qərar çıxarılmayıb. Bununla belə, Sabunçu Rayon Polis İdarəsi istintaq dövründə A.Fərəclinin ölkədən çıxmaması və istintaqdan yayınmaması ilə bağlı onun valideynindən yazılı iltizam alıb.

Əldə edilən məlumata görə, Bakıxanov qəsəbəsindəki bir sıra restoran və klublarda tez-tez görünən 16 yaşlı Ağaəli hadisədən sonra həmin yerlərə baş çəkməyi dayandırıb.

Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğu hadisə ilə bağlı birgə məlumat yayıb. Həmin məlumatda bildirilir ki, 3 may 2017-ci il tarixdə naməlum avtomobilin sürücüsü Sabunçu rayonu ərazisində hərəkətdə olarkən piyada Məmmədova Xəyalə Ənvər qızını vuraraq hadisə yerindən qaçıb. X.Məmmədova aldığı bədən xəsarətlərindən 3 saylı şəhər kliniki xəstəxanasında vəfat edib. Fakta görə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanıb. Daha sonra 263.2-ci maddə 263-1.3-cü maddəyə tövsif edilib.

Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobili idarə edən azyaşlı Ağaəli Fərəcli tərəfindən törədilməsi müəyyən edilib.

Həmçinin vurğulanıb ki, cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış A.Fərəclinin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə müvafiq tədbirlərin görülməsi təmin ediləcək.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. (Lent.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz