Aprel şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

Xəbərin çap versiyası
Tarix: 17-03-2017, 14:21
Aprel şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında aprel döyüşlərində şəhid olan hərbiçilərimizin Bakı və Sumqayıt şəhərlərində yaşayan ailə üzvləri ilə görüş keçirilib.

Şura Katibliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda çıxış edən Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev ölkə Prezidenti İlham Əliyevin aprel şəhidlərinin şücaətini yüksək qiymətləndirdiyini və tarixi qəhrəmanlıq adlandırdığını deyib. Bugünkü görüşün Prezidentin aprel şəhidlərinin əziz xatirələrinin və ailələrinin daim yüksək diqqətdə saxlanılması ilə bağlı tapşırığının Şura olaraq icrası məqsədilə keçirildiyini vurğulayıb. Azay Quliyev Ermənistanla atəşkəsin elan olunduğu 23 il ərzində ilk dəfə olaraq işğal altındakı torpaqlarımızın bir hissəsinin məhz Ali Baş Komandanın əmrlərini böyük qəhrəmanlıqla icra edən ordumuzun, xüsusilə aprel şəhidlərinin şücaəti sayəsində düşməndən azad olunduğunu bildirib. O deyib: “Sizin övladlarınız aprel döyüşlərinin qəhrəmanlarıdır. Bu qəhrəmanlar və həmin həlledici günlərdə ayağa qalxaraq ordusu ilə birgə olduğunu göstərən, cəbhəyə axışan xalqımız dünyaya göstərdi ki, biz torpaqlarımızı düşmən işğalından azad etməyə qadirik. Müəyyən dairələrin Azərbaycana qarşı istifadə etməyə çalışdığı “uduzmuş tərəf” sindromunu da məhz aprel döyüşlərinin qəhrəmanları aradan qaldırdılar. Bu gün bütün xalqımız aprel şəhidləri ilə qürur duyur”.

Görüşdə çıxış edən Şura üzvü, “Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli dövlətin şəhid ailələrinə, o cümlədən aprel döyüşlərində şəhid olan hərbiçilərimizin ailələrinə olan dövlət qayğısından, onların adlarının əbədiləşdirilməsi üçün atılan addımlardan danışıb. O, Şuranın bu istiqamətdə gördüyü işlər barədə məlumat verib.

Aprel şəhidlərinin valideynləri torpaqlarımızın işğaldan azad olunması üçün hər an vuruşmağa hazır olduqlarını qeyd ediblər. Onlar, həmçinin övladlarının adlarının əbədiləşdirilməsi üçün əlavə tədbirlərin görülməsi haqqında fikirlərini çatdırıblar.

Azay Quliyev hər zaman şəhid ailələrinə diqqət göstərilməsinin vəzifə borcları olduğunu deyib. O, görüşdə səsləndirilən təkliflərin araşdırılması və aidiyyəti qurumlara təqdim olunması üçün müvafiq addımların atılacağını bildirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz