Sumqayıtda bazar qalmaqalında yeni pərdə: 66 sahibkarın qanuni obyekti sökülür

Xəbərin çap versiyası
Tarix: 15-05-2017, 17:13
Sumqayıtda bazar qalmaqalında yeni pərdə: 66 sahibkarın qanuni obyekti sökülür


Sumqayıtın “Şərq Bazarı” ətrafında baş verən olaylar 2011-ci ildən başlayıb və çəkişmə qurtarmaq bilmir. Uzun müddətdir mətbuatın gündəmindən düşməyən məsələ dəfələrlə ölkənin müxtəlif mətbu orqanlarında və telekanallarda işıqlanıb, çoxsaylı məhkəmə prosesləri keçirilib.

SİVİL.AZ-ın Qaynarinfo.Az-a istinadla verdiyi məlumata görə, məsələnin kökündə “Şərq bazarı”nın direktoru Rəşid Babayevin və onun məmur havadarlarının 66 sahibkara məxsus dükanı onların əlindən almaq, həmin obyektləri söküb, yerində özünə yeni obyektlər tikməkdir. İş ilə bağlı keçirilən bütün məhkəmə instansiyaları sahibkarların xeyrinə qərar çıxarıb. R.Babayev bütün məhkəmələrdə uduzan tərəf olub. Buna baxmayaraq sahibkarlar daima R.Babayev və yerli məmurlar tərəfindən təzyiqə, təhdidə məruz qalır. Ötən il isə onların dükanlarının qabağı İcra Hakimiyyəti tərəfindən hasarlanıb. Bu da onların onsuz da pis olan ticarət dövriyyəsinə çox pis təsir edib.

Sumqayıtda bazar qalmaqalında yeni pərdə: 66 sahibkarın qanuni obyekti sökülür


Məhkəmənin qərarı ilə Əmlak Komitəsi R.Babayevin və şərikinin mülkiyyətində olan 1 hektar 8 sotdan ibarət olan topaq sahəsinin çıxarışını ləğv edib və həmin ərazinin 25 sotu sahibkarların mülkiyyətinə verilib, yəni haqq-ədalət bərqərar olub. Üstəlik Babayevin sənədləri, mülkiyyətinə olan çıxarışları ləğv olunduğundan və ərazisi 25 sot azaldığından Əmlak Komitəsi ona yenidən komitəyə ərizə ilə müraciət etməyi tövsiyyə edib. Amma çox qəribə də olsa, R.Babayev indiyədək Əmlak Komitəsinin Sumqayıt Ərazi idarəsinə müraciət etməyib və qalan torpaq üzərində olan mülkiyyət hüququnu rəsmiləşdirməyib. Yəni hazırda onun sahibkarları məhkəməyə verməyə hüququ da yoxdur.

Onu da bildirək ki, sahibkarların yerləşdiyi yer onların şəxsi mülkiyyətidir və ərazi ümumən ümumilikdə eyni - “Şərq bazarı”adlansa da, Babayevə məxsus ərazi, inzibatı bina, bazar korpusu tamamilə ayrıdır.

Sahibkarlar bildirir ki, bir neçə gün əvvəl icra başçısı Zakir Fərəcov çoxsaylı işçiləri ilə əraziyə gələrək, sahibkarlarla yox, "bazarkom" Rəşid Babyevlə görüşüb. Halbuki Zakir Fərəcov keçən il yayda elə qəbuluna düşən sahibkarların nümayəndələri ilə söhbətində demişdi ki, onların da təqdim etdiyi yeni layihəyə baxıla və müzakirə oluna bilər. Amma bu dəfə icra başçısı ilə görüşmək istəyən sahibkarları yaxına buraxmayıblar.

Sumqayıtda bazar qalmaqalında yeni pərdə: 66 sahibkarın qanuni obyekti sökülür


Zakir Fərəcov "bazarkom"la söhbətində bildirib ki, ərazidəki obyektlər söküləcək və yerinə 4 mərtəbəli Ticarət Mərkəzi tikiləcək. Bəs "66 sahibkarın hər biri dövlət sənədi qaydasında olan dükanları necə olacaq" sualının cavabında isə bildirilib ki, hamısı söküləcək, lazım olsa, güc tədbiq olunacaq. Sahibkarların isə hər birinə guya təzə tikilən ticarət mərkəzindən 16 kv.m.-lik yer veriləcək (Halbuki Əmlak Komitəsindən verilən sənədə görə, sahibkarların yeri 20 kv.metrdir). Amma sahibkarlar dükanlarının qərarsız-filansız abadlıq bəhanəsi ilə sökülməsinə qarşıdırlar. Onlar düşünür ki, dükanları söküləndən sonra tikilə biləcək Ticarət Mərkəzində onlara 1 kvadratmetr belə yer verilən deyil. Uzağı onlara icarərəyə yer təklif olunacaq. Bundan başqa sahibkarlar haqlı olaraq deyir ki, şəxsi mülkiyyət yalnız dövlət ehtiyacı üçün sökülə bilər və qanunla da bunun üçün müvafiq kompensasiya nəzərdə tutulur.

Bazarın ətrafındakı yolların qabağına traktor vasitəsilə daş blokların qoyulması və maşınlara giriş-çıxışın bağlanması da onu göstərir ki, İcra Hakimiyyəti ölkə qanunlarına məhəl qoymadan sahibkarların qanuni dükanlarını heç bir məhkəmə qərarı olmadan sökmək istəyir və bunu abadlıq bəhanəsi ilə edir. Halbuki, sahibkarlarlar dükanların müasir standartlara cavab verməsi üçün bütün təklifləri, habelə abadlıq işlərini həmişə dəstəkləyiblər. Sahibkarlar deyir ki, abadlıq yaxşı şeydir, amma bu, mülkiyyət hüququnun tapdanması hesabına baş verməməlidir.

"2014-cü ildə ərazini abadlaşdırmaq işi Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin müdir müavini Kamil Məmmədova tapşırıldı və sahibkarlar da ərazini öz şəxsi vəsaitləri hesabına abadlaşdırmağa başladılar, 100 min manatdan çox xərc də çəkdilər, amma iş başlayandan bir müddət sonra Rəşid Babayev Şəhər Memarlıq və Şəhərsalma İdarəsini məhkəməyə verdi. Məhkəmə predmeti olduğundan tikinti-abadlıq işləri dayandırıldı. Bu onu göstərir ki, abadlıq məsələsi bəhanədən başqa bir şey deyil. Əgər abadlıq əsas məqsəd olsa idi, Rəşid Babayevin yolun kənarındakı antisanitariya vəziyyətində olan, qanunsuz meyvə-tərəvəz bazarı uzun illərdir fəaliyyət göstərməzdi. Məqsəd tamam başqadır" - deyə sahiblarlar "Qaynarinfo"ya ünvanladıqları şikayət məktubunda bildirirlər.

Sumqayıtda bazar qalmaqalında yeni pərdə: 66 sahibkarın qanuni obyekti sökülür


Aprelin 17-si özünü Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin işçisi kimi təqdim edən şəxs sahibkarlara, abadlıq və və yenidənqurma işləri çərçivəsində dükanlarından mallarını boşaldılması və tikinti işlərinə başlanılması üçün şərait yaratmaları haqda xəbərdarlıq-bildiriş vərəqi paylamaq istəyib. Həmin bildirişdə həmçinin qeyd olunub ki, yeni tikiləcək, müasir standartlara cavab verəcək ticarət mərkəzində guya sahibkarların da müvafiq ölçüdə ticarət sahəsi ilə təmin oluması nəzərdə tutulub. Sahibkarların əksəriyyəti bu bildirişi heç götürməyib və onu qeyri-ciddi, qeyri-qanuni bir kağız parçası adlandırıb. Çünki ortada rəsmi müqavilə və və ya anlaşma mövcud deyil.

“Sadəcə Rəşid Babayev və onun İcra Hakimiyyətindəki havadarları, şərikləri artıq qanuni yolla məqsədinə çata bilmədiyini görüb bu addımlara əl atırlar. Bu, qanunsuzluqdur, Azərbaycan qanunlarına saymamazlıq, hörmətsizlikdir. Bu bizim şəxsi mülkiyyətimizdir və obyekti sökmək üçün mütləq məhkəmə qərarı olmalıdır və bu məsələ ümumiyyətlə nə memarlığın, nə də İcra Hakimiyyətinin səlahiyyətində deyil” - sahibkarlar bildirir.

Doğrudan da, maraqlıdır, ümumiyyətlə, İcra Hakimiyyəti nə vaxtdan kommersiya fəaliyyəti ilə məşğul olmaq səlahiyyətini əldə edib və ticarət mərkəzi tikdirir?!

Nəzərə alsaq ki, hər dükanda 4-5 nəfər işləyir və onların hər biri 3-4 nəfərdən ibarət ailəni dolandırır, o zaman 66 dükanın sökülməsi yüzlərlə ailənin, 1000-ə yaxın insanın çörəksiz qalması deməkdir.

Hazırki iqtisadi böhran şəraitində ölkə Prezidenti işsizliyin aradan qaldırılması üçün böyük səylər göstərir və məmurlara dəfələrlə xəbərdarlıq edib ki, sahibkarların fəaliyyətinə mane olmasınlar. Məmurlar isə bunun əksini edir. Ona görə də sahibkarlar bütün qanuni vasitələrdən istifadə edib hüquqlarını qorumaqda israrlıdırlar. Onların başqa yolu da yoxdur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz