"Bu Azərbaycan-Rusiya münasibətlərinə öz mənfi təsirini göstərəcək" - ŞƏRH
Tarix: 16-05-2017, 12:49
Dünən Rusiya Federasiyası Ali Məhkəməsinin qərarı ilə Ümumrusiya Azərbaycan Konqresi ləğv edilib.
SİVİL.AZ xəbər verir ki, qərarı şərh edən millət vəkili Asim Mollazadə bunun Azərbaycan-Rusiya dostluq və tərəfdaşlıq münasibətlərinə zidd addım olduğunu vurğulayıb:
"Konqresin ləğvi Azərbaycan-Rusiya münasibətlərinə öz mənfi təsirini göstərəcək. Fikrimcə, Rusiyanın belə bir qərar qəbul etməsi Azərbaycana qarşı tətbiq edilən müəyyən bir təzyiq formasıdır. Bununla yanaşı bu, bütün dünyaya onu göstərdi ki, Rusiyanın milli azlıqlar, fərqli dinlər siyasətində çox ciddi problemlər var. Düşünürəm ki, Rusiyanın bu addımı beynəlxalq təşkilatların diqqətini cəlb etməlidir. Çünki bu, insan hüquqlarının pozulması və Rusiyanın beynəlxalq təşkilatlar qarşısındakı öhdəliklərini kobud şəkildə yerinə yetirməkdən imtina etməsi deməkdir".
Bununla bağlı Azərbaycan tərəfi hansı addımları atmalıdır? Millət vəkilinin fikrincə, Azərbaycan Rusiyanı siyasətində dəyişiklik etməyə məcbur etməlidir:
"Konqresin ləğv edilməsi tərəfdaşlığa, həmçinin Rusiyanın bəyan etdiyi Azərbaycanla dostluq siyasətinə ziddir. Azərbaycan tərəfi gözləməlidir ki, Rusiya dərhal bu siyasətdə ciddi dəyişikliklər etsin". ("Qaynarinfo")
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər