"Azərnəşr"in binasında diskoklub fəaliyyət göstərir? – Baş direktordan AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 18-05-2017, 21:50
"Azərnəşr"in binasında diskoklub fəaliyyət göstərir? –


“Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov nəşriyyatın binasında gecələr diskoklubun fəaliyyət göstərməsi barədə bir sıra saytlarda yayılan məlumatlara münasibət bildirib.

SİVİL.AZ xəbər verir ki, A. Əsgərov açıqlamasında deyib ki, yayılan məlumatlar doğru deyil:
“Bizim binamız 9 mərtəbədən ibarətdir. Burada necə diskoteka fəaliyyət göstərir ki, mənim xəbərim yoxdur? Axı nəşriyyatda necə diskoklub ola bilər?”

Baş direktor yayılan məlumatları “cəfəngiyat" adlandırıb:
“Bu cür məlumatları ilk dəfədir ki, sizdən eşidirəm. Diskoklub və səs-küylə əlaqədar da mənə heç bir şikayət daxil olmayıb. Mən də bu binada otururam. O necə diskoklubdur ki, mənim ondan xəbərim yoxdur? Burada 100-dən çox jurnalist oturur. Diskoteka olar? Bəlkə jurnalistlər üçün diskoteka təşkil ediblər?”

Xatırladaq ki, “Turaninfo.org” saytı “Azərbaycan” Nəşriyyatının binasında gecələr diskoklubun fəaliyyət göstərməsi barədə məlumat yayıb:
Sayt yazıb ki, aprelin 29-da gecə saatlarında “Azərbaycan” nəşriyyatının ətrafında yaşayan insanlar böyük səs-küyə yuxudan oyanıblar:
“Bu zaman bəlli olub ki, “Azərbaycan” nəşriyyatının inzibati ərazisində yerləşən BMM-in arxasından güclü musiqi səsi gəlir. Sakinlər bunu “Azərbaycan” nəşriyyatının yeni bir diskoklub layihəsi kimi qiymətləndiriblər. Və bu hal onlar arasında ciddi narazılıqla qarşılanıb.

Etibarlı mənbələrdən redaksiyamıza daxil olan məlumata əsasən, Xaçmaz rayonundan olan keçmiş deputatın oğlu (adı dəqiqləşdirilir - müəl.) “Azərbaycan” nəşriyyatından icarəyə yer götürüb, oranı kosmetik təmir etdirib və diskoklub kimi işlətmək qərarına gəlib. Aprelin 29-da da çoxsaylı imkanlı gənclərin iştirakı ilə diskoklubun açılışı imiş.

Bildirilir ki, bu tədbirdə iştirak etmək üçün əvvəlcədən biletlərin onlayn satışı təşkil edilib. Hətta Avropadan dicey qismində əcnəbi də gətizdirilib.
Mənbə deyir ki, bu qalmaqallı tədbirin sabahısı günü müvafiq dövlət qurumları tərəfindən baş vermiş biabırçılığın aradan qaldırılması ilə bağlı “Azərbaycan” nəşriyyatının rəhbəri Ağabəy Əsgərova ciddi göstəriş verilib”. (Publika.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz