Ali Məhkəmə Rüfət Səfərovun kassasiya şikayətini icraata götürüb

Xəbərin çap versiyası
Tarix: 18-05-2017, 22:57
Ali Məhkəmə Rüfət Səfərovun kassasiya şikayətini icraata götürüb


Rüşvət almaqda təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilən, Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun Şirvan Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti Ali Məhkəmədə icraata götürülüb.

SİVİL.AZ xəbər verir ki, bu barədə R.Səfərovun vəkili Bəhruz Bayramov bildirib.

Vəkil qeyd edib ki, şikayət Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın icraatına verilib: "Biz şikayəti yanvar ayında vermişik. Şikayət indi icraata götürülüb, amma hələlik baxış iclası təyin edilməyib".

Vəkil bildirib ki, R.Səfərovun səhhətində problemlər yaranıb: "Rüfətin ayaqlarında ciddi ağrılar başlayıb. O, revmatizmdən əziyyət çəkir. Əgər ağrıları güclənsə, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülmək üçün müraciət edəcək". .

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov "Prokurorluq haqqında" qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdı.

Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bir müddət sonra isə məhkəmənin qərarı ilə R.Səfərovun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi və o, azadlığa buraxılmışdı. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur. (Trend)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz