Azərbaycanda IV kurs tələbəsi 2 qardaşın yerinə qəbul imtahanı verib
Tarix: 26-05-2017, 11:09
Azərbaycanda IV kurs tələbəsi 2 abituriyentin əvəzinə qəbul imtahanında iştirak edib.
SİVİL.AZ-ın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Az.TV-də yayımlanan “Günün nəbzi” proqramında bildirib ki, bəzi valideynlər övladlarının qəbul imtahanlarında yüksək nəticə göstərməsi üçün müəyyən yollar axtarırlar. Onun sözlərinə görə, bu il keçirilən qəbul imtahanlarında IV kurs tələbəsinin abituriyentin əvəzinə imtahan vermək istədiyi aşkarlanıb.
M. Abbaszadə qeyd edib ki, həmin şəxsin ötən il bu il əvəzinə imtahan verdiyi abituriyentin kiçik qardaşının da əvəzinə imtahan verdiyi müəyyən edilib: “Valideyn həmin tələbəni bu il də taparaq digər övladının əvəzinə qəbul imtahanına göndərib. Həmin şəxs bu valideynin övladlarına üzdən çox oxşayır. İkinci dəfə qəbul imtahanında artıq bu şəxs tutulub və onun kimliyi müəyyən olunub. IV kurs tələbəsi ali məktəbdən xaric olunacaq, ötən il əvəzinə qəbul imtahanı verərək ali məktəbə qəbul olan şəxs barəsində də müvafiq tədbirlər görüləcək”.
Direktorlar Şurasının sədri əlavə edib ki, belə halları aradan qaldırmaq üçün ilk növbədə valideynlər bu məsələlər məsuliyyətli yanaşmalıdırlar: “İmtahana gedən abituriyentə ailə üzvləri yalnız bir sual verməlidirlər – “Lazım olan sənədləri götürmüsənmi?”.
M. Abbaszadə qeyd edib ki, bəzən abituriyentlər lazımi sənədləri evdə qoyur, telefonu isə imtahana keçirməyə çalışırlar: “Belə hallarda onların imtahan nəticələri pis olacaq. Bizə müəyyən iradlar tuturlar ki, buraxılış rejimi çətin keçir, imtahandan 2 saat öncə binalara çağırırsınız. İmtahana gələnlər bədənlərində nəsə gizlətməyə, imtahana keçirməyə cəhd etməsə, hamı qanun-qaydaya riayət etsə, buraxılış rejimini çox sakit və qısa müddətdə keçirmək mümkün olar. Amma araşdırmalar hamıya təsir edir və buraxılış rejimində müəyyən çətinliklər yaradır. Bir daha hamıdan xahiş edirəm ki, imtahan gələndə yalnız öz biliklərinə güvənsinlər. Onları əmin edirəm ki, belə olduğu halda bilik səviyyələri düzgün qiymətləndiriləcək və layiq olduqları nəticə elan olunacaq”. (APA)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər