"Müəllimlərin maaşı 2 dəfə artırılıb"
Tarix: 1-06-2017, 11:05
“Müəllimlərin 95 faizi diaqnostik qiymətləndirmədə iştirak edib. Bu qiymətləndirmə əsasında müəllimlərin maaşı 2 dəfə artırılıb”. Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin iclasında çıxışı zamanı Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib.
SİVİL.AZ-ın verdiyi xəbərə görə, o, bildirib ki, ölkə prezidenti tərəfindən təhsil sahəsində Milli Strategiya 2013-cü ildə təsdiq edilib:
“Bu, ilk strategiya olub. Burada aydın şəkildə təhsil sahəsində inkişaf məqsədləri müəyyən edilib. Son 4 il ərzində Azərbaycanda orta məktəb şagirdləri daha yaxşı akademik fəaliyyət həyata keçiriblər. Bu sahədə 17 faiz artım müşahidə edilib. Universitetlərə qəbul qiymətləndirilməsində nəticələrin daha yüksək olması qeydə alınıb. Məktəbəqədər təhsil siteminə çıxış asanlaşdırılıb. Bu, çox vacibdir və uzunmüddətli inkişafa təsir edir. Bizim qənaətbəxş məktəbəqədər təhsil sistemimiz yox idi. Məsələləni çətinləşdirən səbəblərdən biri də bu müəssisələrin qaçqın və məcburi köçkünlər tərəfindən tutulması idi. Məktəbəqədər təhsil müəssisələrinə uşaqları gətirmə faizi 18 faiz idi. Biz daha sonra kapital genişlənməsi həyata keçirdik. 3 il ərzində bu göstərici 18 faizdən 55 faizə qalxdı”.
M. Cabbarov qeyd edib ki, təhsil sahəsində müxtəlif xidmətlər onlayn formada təmin olunub: “Xarici diplomların tanınması, elektron qaydada məktəbə yazılmaq və digərləri bu xidmətlərə aiddir”. (AzVision.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər