Azərbaycanda qız, yoxsa oğlan övladlarına üstünlük verilir? – SORĞU

Xəbərin çap versiyası
Tarix: 1-06-2017, 20:35
Azərbaycanda qız, yoxsa oğlan övladlarına üstünlük verilir? –


1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Milyonlarla uşağın aclıq, müharibə, şiddət və təcavüzdən əziyyət çəkdiyi bir dövrdə bu bayramı qeyd eləmək çətin olduğu qədər də əhəmiyyətlidir.

Azərbaycanda uşaqların problemi hələ doğulmamışdan əvvəl başlayır. Avropa Şurası Parlament Assambleyasının Qətnaməsində Azərbaycan Avropa ölkələri arasında cinsi ayrı-seçkilik yolu ilə abortların sayına görə liderlər sırasına salınıb.

SİVİL.AZ “ACT Azərbaycan”-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, Azərbaycanda yeni doğulanların cinsi nisbəti 114 oğlan - 100 qızdır. Qlobal norma isə 105-106 oğlan - 100 qızdır. 114 kimi göstərici olanda artıq bilinir ki, valideynlər övladlarının cinsini bilərəkdən seçməyə cəhd edir.

Məsələnin aktuallığını nəzərə alıb Bakı sakinlərinə “Bir övladınız olduğu halda, onun hansı cinsdən olmasını istərdiniz?” sualı ilə müraciət etdik.

Sorğu nəticəsində maraqlı nəticələr ortaya çıxdı. Belə ki, rəyi öyrənilmiş respondentlərin yarıdan çoxu (59%) övladın cinsinin əhəmiyyət daşımadığını bildirdi. Belə fikirləşənlərin böyük əksəriyyətini kişilər (71%) təşkil edir. Xüsusilə, orta nəslin nümayəndələri (35-44 yaş aralığı) övladın cinsinin əhəmiyyət daşımadığını bildirir (70%).

Qız övladına üstünlük verənlər də yetərli qədər çoxdur (29%). Xüsusilə, qadınlar (34%) və ahıllar (yaşı 65-dən çox olanlar) qız övladına (40%) üstünlük verirlər.

Nə qədər qəribə görünsə də, oğlan tərcih edənlər nisbətən azdır (12%). Nəsil davamçılarına meyilli olanlar əsasən kişilər (12%) və gənc nəslin (18-24 yaş aralığı) nümayəndələridir (23%).

Azərbaycanda qız, yoxsa oğlan övladlarına üstünlük verilir? –


Maraqlı fakt ondan ibarətdir ki, insanların yaşı artdıqca qız övladlarına olan istəkləri də artır. Belə ki, əsasən gənc nəslin nümayəndələri oğlan uşağını tərcih etdiyi halda, ahıllar qız övladına daha çox üstünlük verirlər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz