Narkomaniyaya qarşı tədbir
Tarix: 6-06-2017, 00:58
İyunun 5-də Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və “Yayım” Assosasiyası İctimai Birliyinin təşkilatçılığı ilə Lənkəran şəhər 5 saylı tam orta məktəbin akt zalında “Cənub bölgəsində gənclərin narkomaniya və digər zərərli vərdişlərdən uzaqlaşdırılmasına dair tədbirlərin təşkili” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
SİVİL.AZ bildirir ki, tədbiri giriş sözü ilə məktəbin məktəbin müəllimi Ağacəfər Fətullayev açaraq müzakirəyə çıxarılan mövzunun aktual xarakter daşıdığını, hazırki şəraitdə narkomaniya ilə mübarizənin və onun profilaktikasının vacib məsələlərdən biri olduğunu xüsusi qeyd edib. Məktəbin direktor müavini Bəsirə Əzimova isə çıxışında şagirdlərin formalaşması, sağlam mühitdə böyüməsində bu cür maarifləndirici tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirərək, çalışdığı ümumtəhsil müəssisəsində narkomaniya ilə mübarizə sahəsində tez-tez müxtəlif növ tədbirlərin, o cümlədən ədəbi-bədii kompozisiyaların nümayiş etdirildiyini, kitab müzakirələrinin, ədəbi disputların keçirildiyini diqqətə çatdırıb.
Daha sonra “Yayım” Assosasiyası İctimai Birliyinin sədri Yaşar Zeynalov rəhbəri olduğu layihənin məqsəd və vəzifələrindən ətraflı söz açaraq bildirib ki, genefondumuza sarsıdıcı zərbə vuran bəla kimi narkomaniya ilə təkcə dövlət və qeyri-hökumət təşkilatları deyil, bütün ictimaiyyət yekdil mübarizəyə qoşulmalıdır. Y.Zeynalovun sözlərinə görə, narkomanlıqla mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursolarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib:”Elə bizim layihənin də məqsədi dövlətin çağırışına səs verməklə məktəbliləri zərərli vərdişlərdən çəkindirməkdən ibarətdir”.
İlahiyyatçı-alim Samid Quliyev çıxışında “Yayım” Assosasiyası İctimai Birliyi tərəfindən icra olunan layihəni təqdirəlayiq hesab edərək, İslamın da zərərli vərdişlərlə daim barışmaz mövqedə olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, narkomaniya və digər zərərli vərdişlərlərlə mübarizə işi mənsubiyyətindən və ictimai mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının ümdə vəzifəsinə çevrilməli, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının artmasının qarşısı qətiyyətlə alınmalıdır.
Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə və yazıçı-jurnalist Mübariz Süleymanzadə də çıxışlarında məktəblərdə şagirdlər arasında maarifləndirmə-təbliğat işlərinin gücləndirilməsinin, onların məlumatlılıq səviyyəsinin artırılmasının, bu məqsədlə mütəmadi görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Tədbirin sonunda narkomaniyanın insan həyatına zərərlərindən bəhs edən videoçarx nümayiş edilib.
Ağaddin BABAYEV
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər