Xaçmazda yarım ton mənşəyi bilinməyən ət aşkarlanıb
Tarix: 9-06-2017, 14:35
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Xaçmaz Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşları bu gün alınmış məlumat əsasında Xaçmaz rayonu, Xudat şəhəri, Heydər Əliyev küçəsi, 29B, mənzil 16 ünvanında yaşayan Eynulla Balaşərif oğlu Məmmədyarova məxsus “PEKAP” markalı, 10-PE-327 dövlət nömrə nişanlı avtomobilə rayon ərazisində baxış keçiriblər.
SİVİL.AZ xəbər verir ki, baxış zamanı avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, şaqqalara bölünmüş 500 kq çəkisində olan heyvan əti, 2 ədəd kəsilmiş malın baş-ayağı və daxili orqanları aşkar olunub.
İlkin araşdırma zamanı E. Məmmədyarov əti Bakıdan Xaçmazda olan “Qafqaz” konserv zavoduna təhvil vermək məqsədi ilə gətirdiyini bildirib. Ətdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Yük isə müayinə başa çatana kimi saxlama kamerasına yerləşdirilib. Müayinənin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək. (AzVision.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər