Sürücü özbaşınalığına son! Nəqliyyat sistemində önəmli YENİLİK
Tarix: 29-06-2017, 16:33
Bakıda ictimai nəqliyyatdakı sürücü özbaşınalıqları 141 çağrı mərkəzinə daxil olan şikayətlərin böyük əksəriyyətini təşkil edir. Bu səhər 173 nömrəli marşrut xəttindəki yüksək sürət və nəqliyyat vasitəsinin qapısı açıq şəkildə idarə olunması ilə bağlı xəbər vermişdik. Məsələni ictimailəşdirmək üçün mövzunu daha ətraflı təhlil etmək və gələcəkdə bu kimi halların yaşanmaması üçün Bakı Nəqliyyat Agentliyinin (BNA) hansı tədbirlər gördüyünü öyrənmək qərarına gəldik.
SİVİL.AZ bildirir ki, qurumun ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin rəhbəri Mais Ağayev daha təmkinli və diqqətli olmaları üçün mütəmadi olaraq istehsalat bazalarında sürücülərlə görüşlər keçirdiklərini bildirdi:
“Daim sürücülərə təlimatlar veririk, məlumatlandırma tədbirləri aparırıq, yol hərəkəti qaydalarını izah edirik. Eyni zamanda, idarə zamanı sürücülərin hüquq və vəzifələri, sərnişinlərlə davranış qaydaları və s. bütün bunları öyrədirik. Təəssüf ki, bütün bunlara rəğmən, yenə də bizim qaynar xəttimizə sürücülərlə bağlı şikayətlər daxil olur.
Məsələn, son olaraq bizim təqdimatımız əsasında 4 nömrəli marşrut xəttinin sürücüsü işdən azad edildi. Ona görə ki, o qoşa xətti tapdalayaraq, qarşı tərəfdən gələn nəqliyyat vasitəsinin qabağına çıxmışdı və qarşı yoldan gələn maşınların hərəkətinə mane olmuşdu. Yaxud da, bu yaxınlara 150 nömrəli marşrutun sürücülərindən biri yanacaqdoldurma məntəqəsinə sərnişinlərlə girdiyi üçün onun barəsində tədbir gördük və işdən azad etdirdik. 132 nömrəli xətdə isə sürücünün D kateqoriyalı sürücülük vəsiqəsi olmadığı üçün marşrutdan kənarlaşdırılmasını tələb etdik və tələbimiz yerinə yetirildi. Yəni, sözümün canı odur ki, BNA daim sərnişinlərin rahat və təhlükəsiz səfərini təmin etmək üçün analoji tədbirlər görür”.
Peşəkar sürücülərə ehtiyac çoxdur
Düzdür, BNA-nın yaranması və “BakuBus”ların ortaya çıxmasından sonra Bakının ictimai nəqliyyatında xeyli inkişaf nəzərə çarpır. Lakin yenə də sürücülərin mədəniyyətsiz və kobud davranışları, sərnişinlərin həyatını təhlükəyə atması halları ilə qarşılaşırıq. Buna görə, hələ də paytaxtda peşəkar sürücülərə ehtiyac olduğu mütləqdir. Elə M. Ağayev də bu fikri təsdiqlədi:
“Bu gün paytaxımızın ictimai nəqliyyat sektorunda peşəkar sürücülərə ciddi ehtiyac var. Çox təəssüf ki, bu gün sürücüləri BNA işə qəbul etmir. Onlar hər biri öz çalışdığı nəqliyyat firması tərəfindən işə qəbul olunur. Lakin biz indi vahid sürücü bazasının formalaşdırılmasına başlamışıq. Bu da bizə imkan verəcək ki, sürücülərlə bağlı problemin böyük əksəriyyətini həll edək. İslam oyunlarından sonra biz bütün daşıyıcı firmalara göstəriş verdik ki, hazırda çalışan sürücülərlə bağlı bütün informasiyaları BNA-ya təqdim etsinlər. Hazırda bu proses davam edir”.
Vahid sürücü bazası nədir?
Deyirlər ki, vaxtilə sürücülər cəmiyyətin ən mədəni, ən səbrli insanları olublar. Təəssüf ki, indi vəziyyət tamam başqa cürdür. Amma vahid sürücü bazası imkan verəcək ki, həmin deyim yenidən gerçək olsun.
Bu bazada bütün sürücülər haqqında peşə fəaliyyəti və digər informasiyalar olacaq. Bir sözlə, sürücülər haqqında bütün informasiyalar bir mərkəzdə toplanacaq. İstənilən halda, tarixçəsində mənfi hallar çox olan sürücülər ictimai nəqliyyatdan uzaqlaşdırılacaq.
İnformasiya bazasının toplanması prosesi yekunlaşdıqdan sonra biz bazada adı olan bütün sürücüləri BNA-nın peşəkar sürücülük təlimlərinə cəlb ediləcək. Hazırda da BNA-nın nəzdində sürücü təlim mərkəzi fəaliyyət göstərir. BNA-nın məlumatına əsasən, təlimlər məcburidir və paytaxt ictimai nəqliyyatında işləmək istəyən bütün sürücülər bu təlimlərdə mütləq şəkildə iştirak etməli olacaqlar. Təlimin sonunda isə qiymətləndirmə aparılacaq. Həmin qiymətləndirmənin nəticəsinə əsasən, sertifikat almayan sürücülər sükan arxasına buraxılmayacaq.
M.Ağayev sertifikasiya prosesini qısaca belə izah edir:
“Dəxli yoxdur, istəyir o sürücünün 50 illik təcrübəsi olsun, sertifikasiyadan keçməyən şəxslər ictimai nəqliyyatdakı işi ilə vidalaşmalı olacaq”.
Ekspert nə deyir?
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Publika.az-a açıqlamasında sürücülərin sükan arxasına əyləşərkən ilk növbədə məsuliyyətini dərk etməli olduğunu bildirdi. Onun sözlərinə görə, sürücü bilməlidir ki, səhvi azadlığını itirməsi ilə nəticələnə bilər:
“Maarifləndirmə təkcə sürücülər arasında yox, həm də sərnişinlər arasında aparılmalıdır ki, onlar hər hansı nöqsan görəndə bunu əvvəlcə sürücünün özünə bildirsinlər. Sürücülərə isə hər şeydən öncə məsuliyyət hissini aşılamaq lazımdır. O dərk etməlidir ki, uyğunsuz idarəetməyə görə faciə yaşanar.
Bir də nəzarət qaydasında olmalıdır. Yol polisi və kameralar tərəfindən ictimai nəqliyyata nəzarət olunmalıdır. Onlara yollarda istədiyi sərbəstliyi vermək düzgün deyil.
BNA-nın təlim layihəsini isə yeni bir dövr adlandırmaq olar”.
“Day-day” və pulla işə qəbula son!
Vahid sürücü bazası həm də yeni iş imkanları yaradacaq. Belə ki, D kateqoriyası olan hər kəs təlimlərdə iştirak edə biləcək və sertifikat alacağı təqdirdə nəqliyyat firmalarına tövsiyyə olunacaq. M.Ağayev mövzunun bu hissəsini detallı şəkildə izah edir: “Qeyd edim ki, bu təlimlər davamlı olacaq və gələcəkdə kimsə Bakıda avtobus sürücüsü işləmək istəsə, gəlib çox rahat şəkildə bizim təlim mərkəzində təlimlərdə iştirak edə biləcək. Təbii ki, D kateqoriyasına malik sürücülük vəsiqəsi olmalıdır. Sertifikat alacağı təqdirdə həmin şəxsin adı vahid sürücü bazasına daxil olunacaq. Gələcəkdə daşıyıcı şirkətlərdən hər hansı biri sürücüyə ehtiyac duyarsa, biz artıq həmin şirkətə sürücünü öz bazamızdan verəcəyik. Şəffaflığı qorumaq məqsədilə məsələn, daşıyıcı şirkət bizdən 5 sürücü istəyərsə, biz 10 sürücü təqdim edəcəyik. Daha sonra nəqliyyat firması onların içindən istədiyi 5 nəfəri işə qəbul edəcək. Yəni artıq sürücülərin işə qəbulu kənardan necə gəldi olmayacaq”.
Belə qənaətə gəlmək olar ki, sürücülərin işə qəbulu BNA tərəfindən aparılması təhlükəsizliyi maksimum həddə çatdıraqcaq. Belə ki, əvvəllər bəzi nəqliyyat firmalarının rəhbərliyi “day-day” və ya pul hesabına sürücüləri işə götürürdüsə, indi BNA yalnız sertifikatı olan sürücüləri firmalara göndərəcək. Hansı ki, firmaların seçim imkanı yalnız göndərilən namizədlər arasında olacaq. (publika.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər