Rəsmi Bakı: "Rusiya XİN-in münasibəti diplomatik etikadan kənardır"
Tarix: 6-07-2017, 20:30
"Rusiya Federasiyası Xarici işlər Nazirliyinin təkrarən erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə daxil olması məsələsinə diplomatik etikadan kənar formada münasibət bildirməsi çox təəccüblü və başa düşülən deyil. Bu xüsusda Rusiya tərəfinin təqdim etdiyi qeyri-dost münasibət heç bir halda iki dövlət arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlmir".
SİVİL.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, ümumiyyətlə, Rusiya və Azərbaycan arasında diplomatik əlaqələr qurulduqdan sonra 25 il ərzində son dövrə qədər bu məsələ heç bir zaman gündəmə gəlməyib:
"İndiki zamanda Rusiya tərəfinin bu məsələdə həddən ziyadə fəallıq göstərməsini izah etmək çətindir. Əvvəlcədən məlumatlandırma və xəbərdarlıq rejimi əsasında Azərbaycan tərəfindən müvafiq olaraq erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə girməsi üçün şərait yaradılıb. Burada da hər hansı bir problem olmayıb. Bu günə qədər artıq yüzlərlə erməni əsilli Rusiya və digər ölkələrin vətəndaşlarının müvafiq ön xəbərdarlıqla Azərbaycan ərazisinə daxil olması təmin olunub. Dərin multikultural ənənələrə sahib müxtəlif etnik mənşəyə malik olan insanların azad birgəyaşayış məkanı olaraq Azərbaycan beynəlxalq və milli qanunvericiliyə əsasən öz milli və təhlükəsizlik maraqlarından çıxış edərək, xarici ölkə vətəndaşlarının öz ərazisinə buraxılıb-buraxılmamasına dair özü qərar verir".
Bildirilir ki, Rusiya tərəfi ATƏT-in Minsk qrupunun həmsədri olaraq yaxşı bilir ki, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş işğal və təcavüz nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilib və işğal edilmiş ərazilərdə Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə törədilib. 1 milyondan artıq azərbaycanlı hələ də qaçqın və məcburi köçkün həyatını yaşayır:
"Xocalı faciəsini xatırlatmaq istərdik ki, erməni əsilli digər ölkə vətəndaşlarının da bilavasitə iştirak etməsi ilə Ermənistan silahlı qüvvələri tərəfindən bütün Xocalı sakinləri bir gecənin içində soyqırıma məruz qalıblar. Bu ilin 4 iyul tarixində Ermənistan silahlı qüvvələrinin mülki Azərbaycan əhalisinə qarşı törətdiyi hücumlar və təxribatlar nəticəsində bir qadının və onun 2 yaşlı nəvəsinin ölməsi faktı Ermənistan tərəfindən mülki Azərbaycan əhalisinə qarşı bu kimi terror-təxribat siyasəti aparılmasının daha bir sübutudur. Xüsusən də belə bir həssas dönəmdə Rusiya tərəfindən bu məsələyə bu cür diqqətin yetirilməsi ciddi sualların yaranmasına səbəb olur".
XİN bəyan edir ki, ümumiyyətlə, məsələnin həssaslığını nəzərə alaraq heç bir ölkə tərəfindən bu məsələ qaldırılmadığı halda, Rusiya tərəfindən sözügedən məsələyə bu dərəcədə diqqətin yetirilməsi heç bir halda başa düşülən deyil: "Təəssüflər olsun ki, ata və anasının qəbrini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Azərbaycan əsilli Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyi ilə bağlı Rusiya tərəfindən biganəlik göstərilir.
RF ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir və biz də gözləyirik ki, Rusiya öz üzərinə düşən məsuliyyətdən çıxış edərək münaqişənin tezliklə həll olunması istiqamətində səylərini daha da artıracaq və Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılacaq. Nəticədə regionda davamlı sülh və təhlükəsizlik təmin olunacaq. Ondan sonra insanların da sərbəst gediş-gəlişi üçün imkan yaranacaq. Azərbaycan tərəfinin bu mövqeyi dəfələrlə müvafiq şəkildə Rusiya XİN-in diqqətinə çatdırılıb".
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər