Hacıqabul qətliamının təfərrüatları: "Qatil səhvən başqa ailəni güllələyib"

Xəbərin çap versiyası
Tarix: 31-07-2017, 19:50
Hacıqabul qətliamının təfərrüatları: "Qatil səhvən başqa ailəni güllələyib"


Xəbər verildiyi kimi bu gün səhər saatlarında Hacıqabulda evə basqın edən silahlı şəxs iki qardaş Məhəmməd və Natiq Qəmbərovların ailəsinin 5 üzvünü güllələyib, daha sonra özünü vurub.

Meksikada silahlı quldur qruplaşmaları tərəfindən törədilən dəhşətli qətliamları xatırladan bu hadisəni törədən şəxs Hacıqabul sakini, əvvəllər dəfələrlə məhkumluq yaşamış, 1971-ci ildə anadan olmuş Mübariz Mehdiyevdir. Qətliamın motivi isə Mehdiyevlə Moskvada bizneslə məşğul olan, "Moskva Natiq” kimi tanınan Natiq Qəmbərov arasında Rusiyada başlamış ədavətdir.

SİVİL.AZ-ın bildirdiyinə görə hazırda qətliamın baş verdiyi yer - Məhəmməd Qəmbərovun Bayram İbrahimov küçəsində yerləşən evi avtomatlı polislərin nəzarətindədir, içəri heç kim buraxılmır. Hazırda evdə qətlə yetirilənlərin yaxınlarının iştirakı ilə yas məclisi gedir, məclisdə ancaq kişilərin iştirakına icazə verilir.

Hadisə barədə qonşulardan heç kim jurnalistlərə danışmaq istəməyib. Adını açıqlamayan bir sakin isə jurnalistlərə xəbərdarlıq edib ki, Hacıqabulu tərk etsələr yaxşıdır. "Bizim camaat qonaqpərvər camaatdır, ancaq bu hadisə barədə jurnalistlərə danışılacaq heç nəyimiz yoxdur. Getsəniz yaxşıdır, bir az qabaq hansısa telekanaldan çəkilişə gəlmişdilər, qovduq” - qətliamın baş verdiyi evin qarşısında dayanan kişilərdən biri bildirib.

Jurnalistlər çətinliklə də olsa, onu öyrənə biliblər ki, Qəmbərovlar ailəsinin üzvlərini qətlə yetirən Mübariz Mehdiyevin hədəfi əslində Natiq Qəmbərov və onun ailə üzvləri olub. Lakin Natiq Qəmbərovun atası Məhəmməd Qəmbərovla qardaşı Nazim eyni həyətdə tikilmiş ayrı-ayrı evlərdə yaşadıqlarından qatil yanılıb. Natiq Qəmbərovun atasının evinə girmək əvəzinə əmisinin evinə girib və qarşısına çıxanları güllələyib.

Jurnalistlər Qəmbərovlar ailəsinin qonşularından çətinliklə də olsa öyrənə bilib ki, hadisə saat 6.00 radələrində baş verib. Mübariz Mehdiyev lüləsi kəsik ov tüfəngi ilə silahlanıbmış. O, özü ilə gətirdiyi taxta nərdivanı Qəmbərovların evinin hasarına söykəyib və içəri keçib. Əvvəlcə həyətdə "Moskva Natiq”ə məxsus olan "Mercedes ML” markalı "cip”ə od vurub. Evin sahibi –"Moskva Natiq”in atası Məhəmməd Qəmbərov səsə həyətə çıxıb, bu zaman Mübariz Mehdiyev Məhəmməd Qəmbərova atəş açaraq onu yaralayıb.

Yaralı dərhal darvazadan həyətə qaçıb və evlərindən bir qədər aralıda yerləşən təcili tibbi yardım stansiyasına özünü çatdırıb. Elə polisə də Təcili Tibbi Yardım Stansiyasından məlumat verilib.

Məhəmməd Qəmbərovu yaralayandan sonra basqınçı çox güman ki, "Moskva Natiq”i öldürmək üçün yanlış olaraq onun əmisinin evinə daxil olub və qarşısına keçənə atəş açıb. Polislər az sonra hadisə yerinə gəlib və Mübariz Mehdiyev evin damından həyətin arxa tərəfinə düşərək qaçmağa çalışıb. Lakin polislərlə atışmada yaralanıb. Qonşuların dediyinə görə yaralandığını görən M.Mehdiyev sağ ələ keçməmək üçün silahı ilə özünü vurub.

Qonşular deyirlər ki, qətliamı törədən şəxs avara, dəfələrlə məhkum olunmuş biridir. Yaxınlıqda yaşamadığından onun barəsində ətraflı məlumat yoxdur. Habelə Mübariz Mehdiyevin Moskvada Natiq Qəmbərovla ədavətinin səbəbi də məlum deyil. Hadisə vaxtı Natiq Qəmbərov da evdə olub və o, silahlı basqını görərək qaçıb. Nəticədə sağ qalıb. Hazırda Natiq Qəmbərov qətliamın baş verdiyi həyətdədir, lakin içəri heç kimi buraxmadıqlarından onunla təmas qurmaq mümkün olmayıb.

Qonşuların bildirdiyinə görə, M.Mehdiyev "Moskva Natiq”in atasını vurduqdan sonra evi səhv salaraq N.Qəmbərovun əmisinin evinə girib, orada Məhəmməd Qəmbərovun qardaşı Nazim Qəmbərovu, oğlu Natiqi (1988-ci il təvəllüdlü) və qızı Gülbağdanı (təvəllüdünü dəqiqləşdirə bilmədik) güllələyib, daha sonra qonşu evdən səsə çıxan qadını-Natiq Qəmbərovun anası Almaranı öldürüb. Həmin vaxt Natiq Qəmbərov qaçmaqla canını qurtarıb. Qonşular deyirlər ki, Məhəmməd Qəmbərovun qardaşının və ailə üzvlərinin bu ədavətdə heç bir rolu olmayıb, onlar günahsız yerə qətlə yetiriliblər.

Sakinlər onu da bildirib ki, Mübariz Mehdiyevlə Natiq Qəmbərov Rusiyada neçə vaxtdır münaqişə ediblər. Bir müddət əvvəl tərəflər arasında növbəti münaqişə zamanı Mübariz Mehdiyevi möhkəm döyüblər, ağır xəsarətlər yetiriblər. Bu hadisədən sonra N.Qəmbərov Hacıqabula, atasının evinə gəlib. M.Mehdiyev də Azərbaycana qayıdıb və düşməninin Hacıqabulda olduğunu biləndə ondan qisas almaq qərarına gəlib. Və bütün bu qanlı hadisələr Moskvada iki hacıqabullu arasında başlayan münaqişənin nəticəsi olaraq baş verib...

Artıq qətliamda öldürülənlərin cənazələri dəfn olunmaq üçün Hacıqabul şəhər qəbiristanlığına yola salınıb. Meyitlər az əvvəl hadisənin baş verdiyi evə gətirilib və qısa mərasimdən sonra izdihamın müşaiyəti ilə dəfnə aparılıb. İzdihama toplaşanlar çəkiliş aparmasına imkan vermək istəməyib və onlara qarşı kobudluq edib. (virtual.orq)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz