Azərbaycan və Boliviya hökumətləri arasında Saziş imzalanıb

Xəbərin çap versiyası
Tarix: 18-08-2017, 18:24
Azərbaycan və Boliviya hökumətləri arasında Saziş imzalanıb


Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani ilə görüşüb.

SİVİL.AZ-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirlər Azərbaycan ilə Boliviya arasında dostluq əlaqələrinin və əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd ediblər. Bu xüsusda, Boliviyanın xarici işlər naziri Fernando Uanakuni Mamaninin Azərbaycana ilk rəsmi səfərinin önəmi vurğulanıb.

Söhbət zamanı nazirlər ikitərəfli münasibətlərin hazırkı səviyyəsini nəzərdən keçiriblər və enerji, iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, dağ-mədən sənayesi, təhsil və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu bildiriblər. Humanitar sahədə tələbə və elm adamlarının mübadiləsi xüsusilə qeyd edilib.

Nazirlər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı təqdir edərək, BMT-nin İqtisadi və Sosial Şurasının 2017-2019-cu illərdə üzvlüyünə Azərbaycanın, BMT-nin İnsan Hüquqları Şurasının 2015-2017-ci illər üçün üzvlüyünə isə Boliviyanın namizədliyinin dəstəklənməsini bildirib və qarşılıqlı təşəkkür ifadə ediblər. Nazirlər, həmçinin iki ölkə arasında Qoşulmama Hərəkatı çərçivəsində məhsuldar əməkdaşlığın olduğunu xatırladıb, Azərbaycanın Qoşulmama Hərəkatı Dövlətlərinin dövlət və hökumət başçılarının XIII Sammitinə ev sahibliyi etməsi və 2019-2022-ci illərdə bu quruma sədrlik etməsinin Qoşulmama Hərəkatının xoşniyyətli məqsəd və məramlarının təşviqinə töhfə verəcəyinə əminlik ifadə ediblər.

Hər iki nazir Azərbaycanın və Boliviyanın bir-birinin siyasi müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət və dəstəyi bir daha bəyan ediblər. Həmçinin dövlətlərin daxili işlərinə müdaxilənin yolverilməz olduğunu qeyd edib və aqressiv separatizm və terrorizmin bütün forma və təzahürlərini sərt şəkildə qınadıqlarını diqqətə çatdırıblar.

Görüşdə, həmçinin nazirlər iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsinə dair fikir mübadiləsi aparıb, parlamentlərarası əməkdaşlığın təşviqinə dair razılığa gəliblər.

Nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Boliviya Çoxmillətli Dövlətinin Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş”i imzalayıblar.

Azərbaycan və Boliviya hökumətləri arasında Saziş imzalanıb


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz