"Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz" - Dövlət Komitəsi
Tarix: 22-08-2017, 19:27
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi orta məktəblərdə dini tədrisin əleyhinədir.
SİVİL.AZ-ın xəbərinə görə, Komitənin sədr müavini Gündüz İsmayılov bildirib ki, Azərbaycanda qanunvericiliyə əsasən, dövlət təhsil sistemi dindən ayrıdır, bu baxımdan orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz.
“Amma dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs kitabların əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər. Azərbaycanda dini durumun, o cümlədən dindarlaşma prosesinin təhlili və dünyəvi ölkələrin təcrübəsi təsdiqləyir ki, böyüməkdə olan gənc nəslə dini biliklərin verilməsi olduqca vacibdir. Bunun üçün ən münasib məkan təhsil müəssisələridir. Əgər gənclərə dini biliklər doğru yerdə və doğru insanlar tərəfindən verilməsə, bu boşluğu başqaları - radikal, məzhəbçi dini qruplar doldurmağa çalışacaqlar. Buna görə də, təhsil müəssisələrində gənclərə bütün dinlər, xüsusilə İslam dini, onun mahiyyəti barədə ətraflı məlumat verilməsi çox önəmlidir. Bu məlumatların şagirdlərə neçənci sinifdə, hansı formada və ya hansı fənn daxilində çatdırılması isə daha çox pedaqoji məsələdir. Dinlər barədə dərsliklərdə olan məlumatların isə genişləndirilməsinə ehtiyac duyulur. Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu sahədə öz hüquq və səlahiyyətləri daxilində aidiyyəti qurumlarla əməkdaşlıq edir”, - deyə G. İsmayılov bildirib.
Qeyd edək ki, orta məktəblərdə din dərsinin ayrıca fənn kimi tədris olunması ilə bağlı müxtəlif təkliflər səslənir. (APA)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər