“Ayıldım ki, bir kişi üstümə çıxıb, elə bildim ərimdi” - Yevlaxda dəhşətli qətl
Tarix: 24-08-2017, 02:15
Ərini öldürməkdə təqsirli bilinən Yevlax şəhər sakini, 1980-ci il təvəllüdlü Xatirə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
SİVİL.AZ bildirir ki, X. Abdullayeva ötən ilin mayın 26-da evdə əri, 1982-ci il təvəllüdlü Ağasəf Abdullayevi bıçaqlayıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. A. Abdullayev mayın 29-da xəstəxanada vəfat edib.
"Ərimi qıcıqlandırmamağa çalışmışam"
Xatirəyə Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşid Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən X. Abdullayeva özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Ağasəflə 2007-ci ilin dekabr ayında ailə həyatı qurub, ancaq övladları olmayıb:
"Ağasəfin əsəbləri pozuq olduğundan həmişə qayğısına qalmışam. Övladımız olmadığından daim müalicə almışıq. Hətta İrana da gedərək Ağasəfin əsəbləri üçün müalicə götürmüşük. Ağasəf çox əsəbi olub. Buna görə də onu qıcıqlandırmamağa çalışmışam".
"Ərim heyvana da söyürdü"
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisədən 2-3 gün əvvəl Ağasəfin halı özündə olmayıb, əsəbləri pozulub, hər şeyə əsəbləşib və deyinib:
"O, hər gördüyü əşyaya, heyvana da söyürdü. Mayın 25-də, saat 22:00-da Ağasəflə televizora baxdıq. Həmin vaxt çarpayıda uzınıqlı vəziyyətdə olduğum üçün yuxuya getdim. Ağasəfin yanımda və ya digər otaqda yatmağını bilməmişəm".
"Yataqda da süpürləşmişik"
Xatirə bildirib ki, mayın 26-da, saat 04:30-da yatağında olan zaman qəflətən sinəsinə ağırlıq çöküb:
"Yuxudan oyananda bir kişinin məni boğduğunu hiss etdim. "Aska" deyə çağıranda qəflətən sifətimin sağ tərəfinə yumruq dəydi. Dərhal özümü müdafiə etməyə başladım, əlimi onun sifətinə vuranda, həmin şəxsin üzü tüklü olmasını hiss etdim. Həmin şəxsi özümdən kənara itələyəndə, sol qolumun bilək hissəsini həmin şəxs dişlədi və onun başını çarpayının yaxınlığındakı tumbanın tininə vurdum. Həmin şəxs boğazımdan tutaraq məni boğduğuna görə fəal müdafiə olunmuşam, süpürləşən zaman həmin şəxs sol əlimin orta barmağını dişlədi. Onun ağzının üstünə yumruqla vuraraq barmağımı çıxartdım. Sonra isə onunla yerdə süpürləşdik, dalaşan zaman onun başını çarpayının tininə vurmuşam. Amma həmin şəxs məndən əl çəkməyib, yataqda da süpürləşmişik".
"Ağasəfin harada olduğunu bilməmişəm"
Təqsirləndirilən şəxs qeyd edib ki, aralarındakı dava 10-15 dəqiqə çəkib:
"Həmin otaqda ikimizdən başqa heç kim olmayıb. Həmin şəxslə ancaq yataq otağındakı çarpayıda süpürləşmişik. Başqa heç bir otağa getməmişik. Həmin vaxt Ağasəfin harada olduğunu bilməmişəm. Həmin şəxslə süpürləşərək çarpayının qarşı tərəfinə düşdüm. Bu zaman huşum getdi, alatoranlıq gördüm ki, həmin şəxs evdən çıxdı. Ayılanda divardan tuta-tuta çölə çıxdım. Orada çöl qapının açıq olduğunu gördüm. Qonşu Gülər xalanı çağırdım, ona kiminsə evimizə girib, məni və həyat yoldaşımı döydüyünü dedim".
X. Abdullayeva ibtidai istintaq zamanı qətli törətməsini etiraf etməsi ilə bağlı ifadəsini təzyiq altında verdiyi deyib:
"Gülərə "xala, Ağasəf məni öldürürdü, məni yeyirdi, köməyə gəlin!" deməmişəm. Məni boğan, xəsarət yetirən şəxs kənar şəxs olub. Həmin şəxsi tanımıram. Həmin şəxsi qaranlıq olduğundan və eynəyim gözümdə olmadığından tanıya bilməmişəm".
Məhkəmənin hökmü ilə X. Abdullayeva 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən narazı qalıb, apelyasiya şikayəti verib və barəsində bəraət hökmünün çxıarılmasını istəyib.
Həmçinin zərərçəkmiş tərəf də apelyasiya şikayəti verərək, təqsirləndirilən şəxsə daha ağır cəzanın verilməsini istəyib. Tərəflərin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim İmanverdi Şükürovun sədrliyilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş tərəfin şikayəti təmin edilməyib. (publika.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər