Rəşad vurduğu avtoqol barədə: "O qoladək nələrin baş verdiyini heç kim demir"
Tarix: 2-09-2017, 14:18
Azərbaycan milli komandasının və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Norveç yığmasına səfərdə 0:2 hesabı ilə uduzduqları 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
SİVİL.AZ-ın məlumatına görə, 35 yaşlı müdafiəçi bildirib ki, bu məğlubiyyətdən sonra danışmaq çox çətindir:
“Matça pis başlamamışdıq. Çox yaxşı çıxış etməsək də, rəqibə oynamaq imkanı vermir, meydanda boşluqlar buraxmırdıq. Oynamaq imkanı verdikdə isə norveçlilər hücumlarını uzaqdan zərbələrlə tamamlayırdılar. İlk hissədən sonra paltardəyişmə otağında söhbət oldu. Baş məşqçi Robert Prosineçki bizi motivasiya etdi. İkinci hissədə daha açıq futbol oynamağa başladıq. Bu tip rəqiblərlə açıq oynadıqda istər-istəməz müdafiədə və yarımmüdafiədə boşluqlar verirsən. İkinci hissədə rəqibə o qədər də təzyiq göstərə bilmədik. Nəticədə cərimə meydançamızın yaxınlığında boşluqlar yarandı. Bununla belə, fürsətlərdən daha yaxşı yararlansaydıq, buradan bəlkə də xalla ayrıla bilərdik. Rəqibin də qol imkanları var idi. Ümumilikdə oyun haqda nə isə deməkdə çətinlik çəkirəm”.
R. Sadıqovun sözlərinə görə, problem ondadır ki, biz yalnız son nöqtəyə baxırıq:
“Hamı deyir ki, avtoqol oldu. Amma o qoladək nələrin baş verdiyini demirik. Cərimə meydançasında topa həmlə edirdik. Hər şeyi daha detallı analiz etmək lazımdır. Təbii ki, rəqib hücumlara çıxırsa və bizi param-parça edirsə, son mövqedə bizik. Axırda daş bizim - ya mərkəz müdafiəçilərinin, ya da qapının başında çatlayır. Bu oyunda da elə alındı ki, mərkəz müdafiəçiləri ön planda oldu. Həmlə etmirsən, qapından qol keçir, həmlə edirsən, qapı ilə arandakı bir-iki metrlik məsafədə istər-istəməz ani texniki səhv qapına vurulan qolla nəticələnir. Ümumiyyətlə, millidən danışanda “Qarabağ”, “Qəbələ”, “Neftçi” və ya digər komandanın futbolçuları mövzusuna yer verməmək lazımdır. “Qarabağ”ın futbolçuları meydanda sonadək mübarizə apardılar. Amma ola bilsin, hardasa texniki səhvlər oldu. Nə isə alındı, nə isə alınmadı.
Bu gün milli komandanı tənqid ediriksə, bunu qəbul edirəm. Amma sırf “Qarabağ”ın futbolçularını ayırmağınızla razılaşmıram. Millidə olduğum vaxt mənə “Qarabağ”dan sual verəndə qəbul edə bilmirəm. Mən burada millinin futbolçusuyam. Nə səhv edirəmsə, bu forma altında edirəm. Sabah yaxşı oynadıqda bunu “Qarabağ”ın futbolçularının ayağına yazmağın tərəfdarı deyiləm. Yaxud nəticə olduqda “Qarabağ”ın futbolçuları çoxluq təşkil edirdi” fikirlərinə qarşıyam. Yaxşı da, pis də millinin futbolçularının ayağına yazılır. Biz “Qarabağ”dan əvvəl yığmanın futbolçularıyıq”. (Report)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər