İnsanları qorxuya salan məlumatları yayanları hansı cəza gözləyir? - ŞƏRH
Tarix: 9-09-2017, 14:59
Son günlər "Whatsapp" və digər sosial şəbəkələr vasitəsi ilə insanları təşvişə salan xəbərdarlıqlar yayılır. Bir neçə gün əvvəl Yer kürəsində güclü geomaqnit qasırğasının olacağı ilə bağlı səs yazısı yayılmışdı.
SİVİL.AZ "Qaynarinfo"ya istinadla xəbər verir ki, insanlar arasında təşvişə səbəb olan səs yazasında bildirilirdi ki, geomaqnit qasırğası zamanı şüalar telefon vasitəsi ilə insanlara böyük xətər yetirə bilər və gecə saat 03.00-04.00 radələrində telefonları söndürmək lazımdır. Qısa zamanda böyük kütləyə yayılan bu səs yazısı panikaya səbəb olmuşdu. Lakin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası dərhal məsələyə münasbət bildirib iddiaları təkzib etdi.
Dünən isə başqa bir səs yazısı yayılıb. Bu dəfə bildirilir ki, guya Azərbaycan "Coca-Cola Bottlers LTD" şirkətinin QİÇS (SPİD) xəstəsi olan əməkdaşlarından biri damarından qan çəkərək Coca-Cola çəninə vurub. Bu isə təşvişə səbəb olub. Artıq Azərbaycan "Coca-Cola Bottlers LTD" şirkəti məlumatı təkzib edib. Lakin mesajdan xəbər tutan böyük əksəriyyət narahatlıq içərisindədir.
Bəs insanları qorxudan, təşvişə səbəb olan bu kimi yalan informasiyaları yayan insanları hansı cəza gözləyir?
Bununla bağlı açıqlama verən hüquqşünas Vüqar Səfərli bildirib ki, ittihamlar ağır olduğundan Bakı Şəhər Baş Polis İdarəsi şikayət olunmadan belə bununla bağlı araşdırmalara başlaya bilər:
"Yalan və böhtan xarakterli məlumatları yayanlar Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyəti daşıyır. 147-ci maddənin 2-ci bəndinə əsasən, ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə 3 il müddətinədək azadlıqdan məhrum etmə cəzası verilə bilər. Digər tərəfdən, zərərçəkmiş ərziə ilə xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməli və təqsirsizliyini sübuta yetirməlidir. Eyni zamanda ittiham ağır olduğundan Bakı Şəhər Baş Polis İdarəsi də maraqlı tərəf kimi məsələni araşdırmaqda tam hüquqludur".
Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etdik. Növbətçi hissədən mayor Ələkbərov bununla bağlı heç bir məlumat daxil olmadığını bildirdi.
Bəs Səhiyə Nazirliyi necə böyük narahatlıqlara səbəb olan bu iddia ilə bağlı hər hansı araşdırma və analizlər aparmaq niyyətindədirmi? Bununla bağlı nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramovaya müraciət etdik. Nazirlik rəsmisi ümumiyyətlə bu hadisədən xəbərsiz olduğunu və ilk dəfə bizdən eşitdiyini bildirdi.
Sonda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrini təqdim edirik:
Maddə 147: Böhtan
147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma-
-yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma -
-iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 148: Təhqir
Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma-
-üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya on altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər