"Əvvəlki dövrlərdə verilişləri bağlanmış aparıcılar baş verənlərdən dərs götürməyiblər" - MTRŞ
Tarix: 18-09-2017, 17:30
“Bir çox hallarda aparıcıların verilişlərdə qalmaqalların katalizatoru və təşkilatçısı rolunu oynamaları diqqəti cəlb edir. Müşahidələr göstərir ki, belə hallara daha çox əvvəlki dövrlərdə milli-mənəvi dəyərlərə riayət edilməməsi və ya digər qanun pozuntuları səbəbindən apardıqları verilişləri bağlanmış aparıcılar yol verir. Görünür, onlar baş verənlərdən dərs götürməyiblər”.
SİVİL.AZ bildirir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
Onun sözlərinə görə, həmin aparıcılar yenə də əvvəlki amplualarında qalıblar: “Onlar davranışları ilə yanaşı, nitqlərindəki problemlərlə də diqqəti cəlb edirlər. Qeyd edim ki, monitorinq qrupu tərəfindən bu cür hallar mütəmadi olaraq qeydə alınır, müvafiq hesabatlara salınır. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu cür halların kütləvi şəkildə baş verməsinə imkan verilməyəcək”.
Şöbə müdiri qeyd edib ki, yeni yayım mövsümündə efirin ümumi mənzərəsi barədə tam fikir söyləmək bir qədər tezdir: “Lakin ilkin müşahidələr göstərir ki, yayımçılar əvvəlki mövsümdə efirə getmiş və özünü doğrultmuş layihələri davam etdirməklə yanaşı, bir sıra yeniliklərə də imza atıblar. Əlbəttə, bu, normaldır. Efirdə dinamikanın, yeniliklərin olması təqdirəlayiqdir. Lakin yeni efirə çıxan müzakirə xarakterli, bəzi şou verilişlərdə müşahidə olunan bir çox hallar təəssüf doğurur. Belə ki, sırf reytinq xətrinə cəmiyyət üçün əhəmiyyəti olmayan mövzularda, məsələn, hansısa rəqqasə və prodüser arasında olan qalmaqal və bunun əsasında efirdə milli-mənəvi dəyərlərə zidd müzakirələrin açılması narahatlıq yaradır. Digər tərəfdən qalmaqallı şəxslərin tez-tez efirə dəvət edilməsi və hətta onlara aparıcılıq həvalə edilməsi və s. hallar başa düşülən deyil və bu, kanalın digər lazımlı verilişlərinə kölgə sala bilər”.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər