Mehman Hüseynov hakimə məktub göndərdi

Xəbərin çap versiyası
Tarix: 23-09-2017, 14:30
Mehman Hüseynov hakimə məktub göndərdi


Həbsdə olan bloqçu Mehman Hüseynov Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

SİVİL.AZ
bildirir ki, bu barədə Teleqraf.com-a Mehman Hüseynovun vəkili Elçin Sadıqov məlumat verib.

O bildirib ki, kasasiya şikayəti Ali Məhkəmədə hakim Əli Seyfəliyevin icraatına verilib. İlkin baxış iclası sentyabrın 29-na təyin edilib.

Elçin Sadıqovun sözlərinə görə, Mehman Hüseynov məhkəmədə iştirakının təmin olunması üçün hakimin adına məktub ünvanlayıb: “Qanunvericiliyə görə, cəza çəkmə müəssisəsində cəza çəkən Mehman Hüseynovun prosesdə iştirakı təmin edilməlidir”.

Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev Mehman Hüseynovun CM-nin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib. Suraxanı rayon Məhkəməsinin hökmü ilə Mehman Hüseynov 2 il müddətə azadlıqdan məhrum edilib.

O, hökmdən apelyasiya şikayəti verib, bəraət istəyib. Bakı Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb.

Azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, saxlanılarkən polislər ona işgəncə veriblər. DİN məlumatı təkzib edib və bloqçunun böhtan atdığı barədə açıqlama yayıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz