"İnterpol" beynəlxalq axtarışda olan 2 azərbaycanlını tutdu
Tarix: 18-10-2017, 19:00
Azərbaycanın daxili işlər orqanları ilə "İnterpol"a üzv olan ölkələrin hüquq-mühafizə orqanları arasında cinayətkarlıqla mübarizə sahəsində informasiya mübadiləsinin həyata keçirilməsi, həmçinin beynəlxalq axtarışa verilən şəxslərin saxlanılması və ölkəyə ekstradisiya olunması istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir.
SİVİL.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək "İnterpol"un Daxili İşlər Nazirliyi Milli Mərkəzi Bürosu (MMB) tərəfindən beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşları Səyyaf Tağıyev və Kamilə İbrahimova Qazaxıstanda saxlanılıb.
Bununla əlaqədar Azərbaycan və Qazaxıstanın tərəfdaş çıxdığı Müstəqil Dövlətlər Birliyinin “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 yanvar 1993-cü il tarixli Minsk Konvensiyasının tələblərinə uyğun olaraq S.Tağıyev və K.İbrahimovanın Azərbaycana ekstradisiyası təmin edilib.
Bildirilib ki, DİN tərəfindən cinayətlərin açılması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın inkişafı məqsədi ilə ölkəmizin tərəfdaş çıxdığı beynəlxalq konvensiyaların tələbləri çərçivəsində digər dövlətlərin İnterpol MMB-ləri və hüquq-mühafizə orqanları ilə qarşılıqlı işgüzar əlaqələrinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər