Ndlovunun epizodu ilə bağlı UEFA-ya müraciət olunacaq
Tarix: 19-10-2017, 21:30
SİVİL.AZ AFFA-nın baş katibi Elxan Məmmədovun "Report"a müsahibəsini təqdim edir:
- "Qarabağ" Çempionlar Liqasının (ÇL) qrup mərhələsində İspaniya "Atletiko"su ilə qolsuz heç-heçə etməklə ilk xalını qazandı. Matçla bağlı nə deyə bilərsiniz?
- Bu, çox böyük nəticədir. "Qarabağ"ın dünən kimə qarşı oynadığını unutmayaq. Atletiko" son illərdə 2 dəfə ÇL-in finalında oynayan komandadır. Oxşar heyət və həmin baş məşqçi ilə Bakıya gəldilər. Onlara üç xal lazım olduğu üçün qələbə qazanmaq istəyirdilər. Lakin matça baxandan sonra deyə bilərik ki, "Qarabağ" "Atletiko" ilə görüşdə 3 xaldan oldu. Qələbə qazanmağa layiq idi və buna imkan da vardı. Komandamız çox gözəl futbol sərgilədi, yaxşı mübarizə apardı. Qol vurmaq üçün bir neçə fürsət oldu.
- Hazırda Dino Ndlovunun rəqibin cərimə meydançasında yıxıldığı epizodda referinin 11 metrlik nöqtəni deyil, "Qarabağ"ın hücumçusuna 2-ci sarı vərəqə göstərməsi daha çox müzakirə olunur...
- Bununla bağlı şifahi formada UEFA-ya öz fikrimizi bildirəcəyik. Bu məsələyə bir də baxsınlar, araşdırsınlar və müvafiq qərar qəbul etsinlər. Matçda UEFA-nın nümayəndəsi də olur. Hakim-inspektor referiyə müvafiq qiymət verəcək. Həmin epizodun təkrarına baxanda referinin səhvə yol verdiyini görmək olur. Penalti var idi.
- Sizcə, bu epizod "Qarabağ"ın qapısı qarşısında olsaydı, hakim düşünmədən penalti verərdi?
- Onu demək çətindir. Rəsmi qaydada bu cür söz söyləyə bilmərəm.
- Bir müddət əvvəl futbolda videotəkrarla bağlı yazı yazmışdınız. Düşünmürsünüzmü ki, VAR sisteminin köməyi məhz belə anlarda lazımdır?
- Bu cür epizodları görəndə və özümüz yaşayanda, düşünürük ki, videotəkrar olmalıdır. Bunun xeyri var. Lakin hələlik videotəkrar sistemi təsdiqlənməyib. Hazırda test rejimində tətbiq olunur və yoxlanılır. UEFA öz analizlərini aparır. Ola bilsin, gələcəkdə təsdiqlənsin. Amma bu məsələnin yaxın 2-3 ildə həll olunacağına inanmıram. Çünki burada yalnız texniki avadanlıqlar deyil, insan resursları da tələb olunur.
- Dino Ndlovunun epizoduna siyasi səviyyədə də münasibət bildirilib və referinin qərarı siyasi amillərlə əlaqələndirilib...
- Bunu siyasətə bağlamazdım, sadəcə, baş hakimin səhvidir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər