Ölkədə suçiçəyi xəstəliyi ilə bağlı mövcud vəziyyət AÇIQLANIB
Tarix: 3-11-2017, 00:30
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə suçiçəyi xəstəliyi ilə bağlı mövcud vəziyyəti dəyərləndirib.
SİVİL.AZ xəbər verir ki, RGEM-in direktor müavini Afaq Əliyeva Trend-ə deyib ki, yay aylarında bu xəstəliyə yoluxanların sayı azalmağa doğru dəyişib.
Onun sözlərinə görə, hazırda da suçiçəyinə yoluxanların sayında azalma müşahidə edilir: “Hər 3-4 ildən bir bu xəstəliyin artımı müşahidə edilir. Hələ artım müşahidə edilmir. Xəstəliyin əsas yayılma dövrü qışda olur. Qışda əhali daha çox qapalı mühitdə olduğundan hava-damcı infeksiyalarının artımı baş verir. Hələlik xəstəliyin haradasa qeydə alınması barədə bizə məlumat daxil olmayıb. Ola bilər ki, xəstəlik tək-tək hallarda qeydə alınsın. Amma xəstəliyin xeyli artması barədə danışmaq düzgün deyil”.
A.Əliyeva bildirib ki, Azərbaycanda suçiçəyinə qarşı peyvəndin tətbiqi hələ nəzərdə tutulmayıb.
O əlavə edib ki, 2018-ci ilin peyvənd təqvimində də dəyişikliyin aparılması nəzərdə tutulmayıb: “2016-cı ildə inaktivləşdirilmiş poliomielit vaksini tətbiq etdik. 3 valentli poliomielitdən 2 valentli poliomielit vaksinə keçdik. Ancaq növbəti ildə heç bir yeni peyvəndin tətbiqi nəzərdə tutulmayıb”.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər