Yataqxana sakinlərinin etirazlarına qarşı AMEA-nın 3 meymun oyunu - VİDEO
Tarix: 3-11-2017, 14:37
Azərbaycan Milli Elmlər Akademiyasının Yasamal Rayon Şərifzadə 12 ünvanında yerləşən Aspirantlar yataqxanasının sakinlərinin problemlərinin hələ də həllini tapmayıb.
Xatırladaq ki, 2012-ci ildə AMEA və “Yevrostroy -S” MMC tikinti şirkəti arasında yataqxana sakinlərinin də razılığı ilə müqavilə imzalanıb. Yataqxanının həyətində 5 böyük çoxmərtəbəli bina tikilib və bu binalrdan birində iki blok sakinlərin köçürülməsi üçün nəzərədə tutulub. Lakin bina hazır olub, sakinlərin bir neçəsi köçürüldükdən sonra müqavilə unudulub. Üstəlik bu gün AMEA sakinlərdən yataqxananı tərk etməyi tələb edir.
Yataqxana sakinləri dəfələrlə müxtəlif qurumlara üz tutublar, şikayət ediblər, lakin səslərini eşidən yoxdur. Təmirsiz, divarları nəm qoxuyan, uçub tökülən bu binanın yalnız foyesində yüngülvari təmir işləri aparılıb, yuxarıdan gələsi qonaqlara göstəriş olsun deyə balaca bir zal hazırlanıb. Ölkəmizin beyin mərkəzi hesab olunan AMEA-nın əməkdaşlarının, ölkə ziyalılarının, alimlərinin uzun illər sürən bu çətin həyatına son qoymaq üçün isə heç bir qurum məsuliyyət daşımaq istəmir.
Necə deyərlər bütün suallara qarşı 3 meymun oyunu davam edir- kar, kor, lal.
Yataqxana sakinlərinin iddiasına görə, AMEA-nın mənzil komissiyasının və AMEA rəhbərliyinin qanunsuz işlərini sübut edən yeni faktlar meydana çıxır.
“Evrostroy-S” tikinti şirkəti ilə AMEA-nın mərhum Prezidenti M.Kərimov arasında 14 noyabr 2012-ci il tarixində imzalanmış müqaviləyə və Bakı Şəhər İcra hakimiyyətinin verdiyi sərəncama görə Bakı şəhəri, Şərifzadə küçəsi 12 ünvanında yerləşən yataqxananın 0,66 ha torpaq sahəsində binalar tikməli və bir binanın mənzilləri yataqxanada daimi qeydiyyatda olan və yaşayan, yaşadıqları mənzilə qanuni orderləri olan 118 yataqxana sakininə (ailəyə) verilməli idi. AMEA-nın prezidenti A.Əlizadənin rəhbərliyi dövründə məsələlər tamamilə qarışdırıldı. Yataqxana sakinləri üçün nəzərdə tutulmuş binanın mənimsənilməsi üçün çoxsaylı oyunlar düşünüldü və əldə etdiyimiz yeni məlumata görə qanunsuz işlərini ört-basdır etmək üçün bağlanmış müqaviləyə “əlavə” ediblər. İstər mənzil komissiyasının sədri və bəzi üzvləri ilə, istərsə də işlər idarəsinin müdiri ilə sakinlərin görüşləri zamanı müqaviləyə edilmiş “yeni əlavənin” olduğu gizlədilmiş, bu haqda heç bir məlumat verilməmişdir. “Əlavənin tərtibindən görünür ki, hər bir addım mənimsənilmiş mənzilləri ört-basdır etmək üçündür. Əlavədə guya əvvəlki müqavilədə göstərilmiş 1,026 ha (?) sahədə tikilən binadakı mənzillərdən 5000 m2 mənzilin Akademiyaya verildiyi qeyd edilir. İndiyədək bütün görüşlərdə tikinti şirkətinin AMEA-ya verəcəyi mənzillərin sahəsinin 7670 m2 olduğunu dediyiniz halda, əlavə 5000 m2 sahə haradan meydana çıxdı? Əgər əlavədə qeyd etdiyiniz kimi, tikinti şirkəti AMEA-ya 5000 m2 mənzil sahəsi verməli idisə, hansı əsasla siz, özünüzün qeyd etdiyinizə görə, indiyədək şirkəttdən 6000 m2 mənzil almısınız?
Əksər əvvəlki sənədlərin guya “düzgün tərtib edilmədiyi” fikrini söyləyən AMEA İşlər İdarəsi, 1,026 ha sahənin 14 noyabr 2012-ci il tarixində imzalanmış müqavilənin hansı hissəsində qeyd olunduğunu göstərə bilərsinizmi? Axı yataqxananın ərazisi 0,66 ha olub. Sizin sonradan etdiyiniz bu əlavənin əvvəlki müqaviləyə heç bir aidiyyatı yoxdur. Gizlətdiyiniz və müqaviləyə əlavə etdiyiniz 0,366 ha sahənin, eləcə də mənzillərini guya sakinlərə payladığınız binanın haradan gəldiyini sizlərin “yadına salaq”.
Sakinlərin köçürülməsi üçün nəzərdə tutulmuş bina yataqxananın yanında tikilmiş iki bloklu bina olub. Bunu tikinti şirkətinin nümayəndələri də təsdiq edib. Apardığınız bütün işlərin gedişinin analizindən biz belə nəticəyə gəlirik ki, sakinlər üçün tikilmiş binanı mənimsəmək üçün Fiziologiya İnstitutunun və həyətinin ərazisi olan 0,366 ha sahə 08 iyul 2015-ci ildə bağlanmış “müqaviləyə əlavə” adı altında tikinti şirkətinə satılıb. Bölgüsünü apardığınız bina da verilmiş ərazi müqabilində həmin institutun ərazisində tikilmiş və yataqxana sakinləri üçün nəzərdə tutulmayan binadir. Aydın olur ki, yataqxana sakinləri üçün nəzərdə tutulmuş 118x65m2=7670m2 mənzil sahəsindən əlavə daha 5000 m2 mənzil sahəsi almısınız. Fiziologiya İnstitutunun ərazisinin satılmasının əvvəlki müqaviləyə yamaq kimi yapışdırılmasının özü də bir qanun pozuntusudur. Bu proses üçün yeni müqavilə bağlanmalı idi. Buradan da görünür ki, hər şey məqsədli şəkildə qarışdırılıb və məqsəd də məlumdur.
Əsassız olaraq yataqxana sakinlərinin bir neçəsinin əlindən verilmiş mənzilləri alınıb və bir neçəsinə isə guya həmin müqaviləyə əsasən Masazırda və Xırdalanda mənzillər verilib. İstər əvvəlki müqavilədə, istərsə də ona yamaq kimi vurulmuş “əlavədə” heç bir yerdə bu haqda qeyd olunmayıb. Onda hası əsasla həmin insanları nəzərdə tutulmuş ərazidə yox, Masazırda, Xırdalanda yerləşdirirsiniz? Göründüyü kimi, qanun pozuntularının sayı çoxdur”,-deyə sakinlər bildirirlər.
Bu yataqxanada yaşayan insanların hamısı yüksək ali təhsilə malik insanlardırlar. Yəni qarşılarına qoyulan sənədi araşdırmağı, pisi yaxşıdan seçməyi bacarırlar. Bəs niyə aldanıblar? Çünki bu yüksək elm ocağı rəhbərliyinin və tikinti şirkətinin onlara qarşı dələduzluq edə biləcəklərinə inanmayıblar. Bu gün də inanmaq istəmirlər. Əminəm ki, bu gün rahat evlərində yaşayan hər hansı bir məmur 3 gün bu yataqxanaada yaşamağaməcbur olsa sakinləri daha yaxşı anlayar və əlac tapmağa çalışardı. Hələlik isə… Hələlik isə bu söhbət uzandıqca uzanır , yataqxana sakinlərinin də səbri daralır. Müxtəlif qurumların qapılarını döyməkdən yorulmuş ailələr son ümid olaraq ölkə başçısının onların hüquqlarını qoruyacağına inanırlar.
Onların səsi ən yüksək instansiyaya çatmadan bütün məmurlara xatırlatmaq yerinə düşərdi ki, onları bu yüksək vəzifələrdə oturtmaqla ölkə başçısı insanların taleyini, məsuliyyətini də onlara həvalə edib. Kreslo sahibinin əmr vermək funksiyası kimi xalqı dinləmək funksiyası və borcu da var.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər