Qənirə Paşayeva 7 yaşlı Mina Abbasovanı təbrik etdi
Tarix: 15-11-2017, 16:32
Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, millət vəkili Qənirə Paşayeva Macarıstanın Pecs şəhərində Bədii gimnastika üzrə XIII Beynəlxalq Pecs Kuboku uğrunda keçirilən yarışlarda birinci yeri qazanan həmyerlimiz, 7 yaşlı Mina Abbasovanı təbrik edib. “...Əziz Mina Abbasova yenə də dunyanın birincisi oldu! Təbriklər gözəl Mina və uğurların hər zaman bol olsun!”, - deyə sosial şəbəkədə paylaşdığı təbrikdə Qənirə Paşayeva qeyd edib.
SİVİL.AZ bildirir ki, kiçik yaşlı həmyerlimiz Mina Abbasovanın fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala layiq görüldüyü yarışda turnirə ev sahibliyi edən Macarıstanla yanaşı, 15-dən çox xarici ölkənin, o cümlədən, Xorvatiya, İsrail, Avstriya, Rusiya, Bosniya və Hersoqovina, Polşa, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, İsveç, Almaniya, Moldova, Slovakiya, Sloveniya, Belçika və digər dövlətlərin təmsilçiləri iştirak edib.
Mina Abbasova artıq 2 ildir ki, Budapeştdə fəaliyyət göstərən Rus Ritmik Gimnastik Sport Klubunda məşğul olur. Klubun rəhbəri Lyubov Aleksandrovna Bernat və məşqçi İnqa Mackuz Minanın gələcəkdə dünya şöhrətli bir gimnast olacağına əmindirlər. 5 yaşından başlayaraq iştirak etdiyi bütün beynəlxalq yarışlarda öz gözəl çıxışı ilə yaşıdlarından fərqlənən Mina Abbasova Almaniya, Çexiya, Serbiya və Slovakiyada keçirilən beynəlxalq turnirlərdə də fəxri kürsünün yüksək pillələrinə qalxıb. Bu yarışlarda o, valideynlərinin işi ilə bağlı yaşadığı ölkəni – Macarıstanı təmsil etsə də, ən böyük arzusu günlərin bir günü qalib olduğu turnirlərdə üç rəngli bayrağımızı dalğalandırmaqdır.
Qeyd edək ki, Mina Abbasova bu il dekabr ayının 9-da Budapeştdə keçiriləcək XIII Beynəlxalq “Mikulas” yarışında, dekabr ayının 16-da isə Lüksemburqda VI dəfə düzənlənəcək “Lüksemburq Kuboku-2017” Beynəlxalq turnirində iştirak edəcək.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər