Bunu edən sürücülər 500 manat cərimələnəcək - RƏSMİ
Tarix: 15-11-2017, 17:51
Qanun qadağan etsə də, avtomobillərə quraşdırılması inzibati xəta tərkibi yaratsa da, antiradar cihazı açıq satışa çıxarılır.
SİVİL.AZ-ın məlumatına görə, qadağan edilmiş bu cihazın həm Əmlak Məsələləri Dövlət Komitəsində hərraca çıxarılması və alış-veriş saytında açıq şəkildə satılması ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Axar.az-a açıqlama verib.
O bildirib ki, antiradar cihazının satışı “Yol hərəkəti haqqında” qanunun tələblərinin təbliğinə aid deyil: “Bu cihazın satışı ilə bağlı biz bir şey edə bilmərik. “Yol hərəkəti haqqında” qanunda deyilir ki, antiradar qurğularının avtomobillərə quraşdırılması inzibati xəta tərkibi yaradır. Bunun cəriməsi də yüksəkdir. Avtomobilərə antiradar cihazı, yəni radarın işini əngəlləyən qurğu qoyulmasına görə sürücü məsuliyyət daşıyır. Sürücü o qurğuya görə 500 manatdan 800 manata qədər cərimə edilə bilər”.
V. Əsədov bildirib ki, həmin cihazın satışına müdaxilə edə bilməzlər: “Qurğunun satışı ilə bağlı sualı bizə ünvanlamayın. Biz bu məsələ ilə məşğul olmuruq. Biz birmənalı olaraq bildiririk ki, qanun bu qurğuların avtomobillərə quraşdırlmasına icazə vermir. Hər hansısa avtomobildə bu cihaz müəyyən edilərsə, mütləq qaydada cərimələnəcək”.
Hüquqşünaş, yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov açıqlamasında bildirib ki, dəqiqləşdirmək lazımdır, hərracda və saytlarda satışa çıxarılan həmin qurğu özündən radiodalğalar buraxaraq radarın fəaliyyətini məhdudlaşdıran cihazdır, ya yox: “Antiradar özü dalğalar buraxan və bu dalğalarla radarın işini məhdudlaşdıran qurğudur. Antiradar – radara işləməyə imkan verməyən cihazdır. Radarın dalğalarını öldürür, boğur və imkan vermir ki, radar avtomobilin sürətini ölçsün.
Azərbaycanda məhz antiradar, yəni radarın dalğalarını öldürən cihaz qadağandır. Bu qurğudan avtomobillərdən başqa heç bir yerdə istifadə edilməsi mümkün deyil. Avtomobillərə quraşdırılması qadağan edilibsə, ölkədə satışı, gətirilməsi də əhəmiyyətsizdir”.
Ə. Hüseynovun sözlərinə görə, dövriyyəsi məhdudlaşdırılan əmlakların konkret siyahısı var ki, radarın fəaliyyətini məhdudlaşdıran antiradar da həmin siyahıya salınıb: “Prezident tərəfindən o əşyaların siyahısı da müəyyən olunub. Siyahıda bildirilir ki, hansı texniki göstəriciləri olanlar məhdudlaşdırılıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həmin cihazların ölkəyə gətirilməsini və satılmasını qadağan edib, məhdudlaşdırıb. Avbtomobillərə quraşdırılması da qanunla tənzimlənir, cəriməsi də var”.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyir ki, antiradarlar radarların işinə mane olduğuna görə qadağan edilib.
Qeyd edək ki, antiradar cihazı bir sıra saytlarda açıq satışa çıxarılıb. Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin növbəti hərracında da sözügedən cihaz satılır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər