UEFA-dan yeni qərarlar: Azərbaycan yığmasını yenilik gözləyir

Xəbərin çap versiyası
Tarix: 4-04-2017, 15:21
UEFA-dan yeni qərarlar: Azərbaycan yığmasını yenilik gözləyir


UEFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.

SİVİL.AZ xəbər verir ki, Apasport.az saytının məlumatına görə, tədbir Finlandiyanın paytaxtı Helsinkidə, sabah baş tutacaq Konfrans ərəfəsində təşkil olunub.

Həmin tədbirdə komitənin yeni üzvləri seçiləcək ki, namizədlər arasında AFFA-nın baş katibi Elxan Məmmədov da var. Toplantıda, həmçinin milli və klub miqyaslı turnirlərlə bağlı bir sıra vacib qərarlar verilib.

2018/19 mövsümündən başlayaraq, Avropa Liqası və Çempionlar Liqasının final oyunu eyni həftədə baş tutacaq. 3 mövsüm üçün verilən bu qərara əsasən, 2019-cu ildə Avropa Liqasının finalı mayın 29-da çərşənbə günü keçiriləcək. Təbii ki, iki turnirin finalı da həmişəki kimi müxtəlif ölkələrdə baş tutacaq.

U-21-lər arasında Avropa çempionatının final mərhələsinin tarixi də təsdiqlənib. İtaliyadakı AVRO-2019 iyunun 16-30-da baş tutacaq.

Futzal üzrə Avropa çempionatları 2022-ci ildən yeni formatda baş tutacaq. Azərbaycan millisinin daimi iştirakçısına çevrildiyi final mərhələsi 2 ildən bir 12 komandanın iştirakı ilə keçirilirdi. Amma artıq millimizi yenilik gözləyir. 2022-ci ildən 16 komandalı 4 ildən bir təşkil olunacaq yarışa üstünlük veriləcək. AVRO-2018 isə indiki qaydalarla sonuncu yarış olacaq. AVRO-2020 təşkil olunmayacaq ki, həmin dövr yığmaların DÇ-2020 və onun seçmə mərhələsində iştirakına sərf ediləcək. 2020-21-ci illərdə AVRO-2022-in seçmə oyunları baş tutacaq.

2019-cu ildən qadın futzalçılar arasında Avropa çempionatları 2 ildən bir, 4 komanda ilə keçiriləcək.

19 yaşadək futzal yığmaları arasında Avropa çempionatı 2019-cu ildən başlayaraq keçiriləcək. 2 ildən bir təşkil olunacaq yarışda 8 yığma çıxış edəcək.

Futzal üzrə UEFA kuboku 2017/18 mövsümündən yeni formatda keçiriləcək. Reytinqdə ilk üç yerə sahib ölkələr iki komanda ilə təmsil olunacaq.

Futzal üzrə UEFA kuboku 2018/19 mövsümündə Futzal üzrə Çempionlar Liqası adlanacaq.

Qeyd edək ki, komitənin növbəti iclası iyunun 1-də keçiriləcək.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz