NATO Bakıda kurs təşkil edəcək

Xəbərin çap versiyası
Tarix: 5-04-2017, 00:30
NATO Bakıda kurs təşkil edəcək


Aprelin 4-6-da Bakıda ADA Universitetində Azərbaycan Hökuməti və NATO-nun həmtəşkilatçılığı ilə Əfqanıstanın dövlət nümayəndələri üçün “Silahlı qüvvələr üzərində mülki nəzarət” mövzusunda pilot kurs təşkil ediləcək.

SİVİL.AZ xəbər verir ki, Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, kurs zamanı Əfqanıstanın Müdafiə, Xarici işlər, Daxili İşlər Nazirliklərinin, Milli Təhlükəsizlik Departamentinin və Əfqanıstan Parlamentinin yüksək səviyyəli rəsmilərinə silahlı qüvvələr üzərində mülki nəzarət, onun önəmi, mövcud təhdidlər və onların qarşısının alınması, parlament və digər dövlət qurumlarının öhdəlikləri, milli təhlükəsizlik və kəşfiyyat xidmətinin, həmçinin vətəndaş cəmiyyəti və mətbuatın bu xüsusda rolu, mövzu üzrə ölkələrin, o cümlədən Azərbaycanın təcrübəsi barədə mühazirələr veriləcək. Bu pilot kursun ötən analoji tədbirlərdən fərqi mühazirələrin əksəriyyətinin Əfqanıstanın əvvəlki illərdə ölkəmizdə bu mövzuda keçirilmiş seminarlarda iştirak edib təcrübə qazanmış təlimçiləri tərəfindən təqdim edilməsi olacaq. Mühazirəçilər qismində həmçinin NATO üzv ölkələri və Azərbaycanın aidiyyəti dövlət qurumlarının ekspertləri çıxış edəcək.

2014-cü ildən etibarən Azərbaycan və NATO tərəfindən Alyansın Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramı çərçivəsində birgə təşkil edilən bu silsilə tədbirlər Əfqanıstanda idarəetmə təhsili və qurumlararası mübadilə sahələrinin inkişafı, eləcə də Əfqanıstan Müdafiə Nazirliyinin mülki islahatlar proqramı kontekstində bu ölkənin yüksək və orta səviyyəli nümayəndələrinin sözügedən sahədə təcrübə qazanmasına imkan yaratmaqla Azərbaycanın Əfqanıstana qeyri-hərbi sahədə töhfəsinin bir nümunəsi hesab edilə bilər.

Məlum olduğu kimi, Azərbaycan hazırda Əfqanıstanda NATO-nun rəhbərliyi altında həyata keçirilən Qətiyyətli Dəstək təlim, məsləhət və yardım əməliyyatında iştirak etməklə beynəlxalq sülh və təhlükəsizliyə töhfə verir. Həmçinin Azərbaycan ikitərəfli və çoxtərəfli formatlarda təhsil və təlim, infrastruktur və nəqliyyatın inkişafı, investisiyalar sahəsində və maliyyə yardımı vasitəsilə Əfqanıstanda həyata keçirilən islahatlara dəstək verir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz