Almaniyada Azərbaycanla bağlı rüşvət qalmaqalı + VİDEO
Tarix: 1-02-2020, 13:13
Almaniyanın Der Tagesspiegel qəzeti yazır ki, bu ölkənin hüquq-mühafizə orqanları, yanvarın 30-da, rüşvət qalmaqalı ilə bağlı axtarış-əməliyyat tədbiri həyata keçiriblər. Həmin qalmaqalda Azərbaycanın adı hallanır.
CivilAzerbaijan.com bildirir ki, Almaniyanın hakim Xristian Demokrat Partiyasının üzvü Karin Strenz Azərbaycandan 22 min avro rüşvət almaqda ittiham olunur. Şübhə var ki, o, həmin pulun müqabilində Avropa Şurasında Azərbaycan hökumətinin xeyrinə davranış nümayiş etdirib. Qəzet deputatın fikrini öyrənə bilməyib.
Der Tagesspiegel-in yazdığına görə, 2015-ci ildə Azərbaycanda siyasi məhbusların azad olunması tələbi əks olunan sənəd səsə qoyulanda Strenz bunun əleyhinə səs verən almaniyalı deputat olub. Başqa bir Almaniya qəzeti Süddeutsche Zeitung yazır ki, Bundestaq Strenzin toxunulmazlığını ləğv edib.
Strenzdən başqa, keçmiş deputat Eduar Lintnerin də evində axtarış aparılıb. Lintner özü də qəzetə müsahibəsində bunu təsdiqləyib, amma ittihamları rədd edib.
Süddeutsche Zeitung yazır ki, Karin Strenz pulları, Lintnerin rəhbərlik etdiyi lobbi şirkətindən alırmış. Lobbi şirkəti Azərbaycanın hakim rejimini dəstəkləyir.
Qəzet yazır ki, prokurorluğun məlumatına görə, söhbət hal-hazırda güman olunan məbləğdən daha artıq puldan gedir. Deyilənə görə, Lintner 2008-2016-cı illərdə Azərbaycandan 4 milyon avro alıb.
Almaniya hüquq-mühafizə orqanları hələ ki, AzadlıqRadiosunun sorğusuna cavab verməyib.
Almaniyada mənzillənən Avropada Təhlükəsizlik Təşəbbüsü adlı qeyri-hökumət təşkilatı hələ 2012-ci ildə, Azərbaycana dair “kürü diplomatiyası” adlı lobbi qalmaqalını üzə çıxartmışdı.
Karin Strenz
Bu qalmaqal Avropa Şurası Parlament Assambleyasında deputatların ələ alınması ilə bağlı idi. Həmin qurumun rəhbəri Gerald Knaus AzadlıqRadiosuna bildirib ki, Almaniyanın araşdırmalara başlaması önəmlidir:
“Hazırda prokurorluq Lintnerin və ondan pul almış Karin Strenzin işini araşdırır. Bu iki şəxs çox mühüm fiqurlardır. Bura İtalyan deputat Luka Volonteni də əlavə etmək lazımdır. Hüquq mühafizə orqanlarının məlumatına görə, Lintren milyonlarla avro alıb, Volonte boynuna alıb ki, o, 10 milyon avro alıb. Maraqlı sual budur ki, bu pullar nəyə xərclənib? Bu pul nə qədər adama çatdırılıb?”
2018-ci ildə Avropa Şurasında yaradılmış araşdırma komissiyası müəyyənləşdirmişdi ki, bir qrup deputat, pul qarşılığında, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan hökumətinin tərəfini saxlayıb. Komissiya Şuraya üzv ölkələrə tövsiyə etmişdi ki, şübhəli deputatları araşdırsın.
Ümumulikdə bütün bu araşdırmalar “Azerbaijani Laundramat” adlı çirkli pulları yuyulmasına dair araşdırmadan sonra aktuallaşıb. Beynəlxalq jurnalistlərin 2017-ci ildə üzə çıxardığı və bu araşdırma 2,9 milyard dolların Azərbaycandan qanunsuz yolla çıxarıldığını iddia edir.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov gün ərzində telefon zənglərinə cavab verməyib.
Bundan əvvəl deputat, “kürü diplomatiyası” ilə bağlı ittihamları rədd etmişdi. (AzadlıqRadiosu)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər