Sərhədsiz Reportyorlar: Azərbaycan hakimiyyəti plüralizmi məhv edir

Xəbərin çap versiyası
Tarix: 14-02-2020, 12:17
Sərhədsiz Reportyorlar: Azərbaycan hakimiyyəti plüralizmi məhv edir


“Fevralın 9-da keçirilmiş səsvermədən sonra “Sərhədsiz Reportyorlar” (RSF) Bakıda jurnalistlərin çalışmasına mane olan azı 18 hadisəni müəyyən edib. Bəzi hallarda KİV işçiləri fiziki zorakılığa məruz qalıb. Hakimiyyət bu zorakılıqda günahkar olanları məsuliyyətə cəlb etməlidir.”

CivilAzerbaijan.com
Amerikanın Səsinə istinadla xəbər verir ki, bu barədə “Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatının bəyanatında deyilir.

Çərşənbə gününə keçən gecə xüsusi təyinatlı polislər Bakıda Mərkəzi Seçki Komissiyasının qarşısında deputatlığa namizədlərin oturaq aksiyasını zorla dağıdıb. Bəzi jurnalistlərhadisə yerindən uzaqlaşa bilib, lakin onlardan xeylisi saxlanılıb və döyülüb.

“Məni zorla avtobusa apardılar, orada üç polis məni yumruq və təpiklə döydü,”Basta.info saytının redaktoru Mustafa Hacıbəyli Facebook səhifəsində yazıb.

“Sifətim qan içində idi,” o əlavə edib.

Aksiya iştirakçıları zorla avtobusa mindirilərkən hadisəni işıqlandıran yeddi qadın jurnalist polis tərəfindən döyülüb, onların kameraları və telefonları götürülüb.

“Meydan” TV-nin reportyoru Sevinc Vaqifqızı əl və üz nahiyəsindən ciddi xəsarət alıb.

“Amerikanın Səsi”nin jurnalistləri Ülviyyə Quliyeva və Aygün Rəşidova, “Azadlıq” radiosunun müxbiri Aytən Məmmədova, müstəqil jurnalistlər Aynur Elgünəş və Aytac Tapdıq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onları şəhər ətrafına aparıb və gecə yarısına yaxın şosedən uzaqda sərbəst buraxıblar. Onların üç həmkarı, tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılova da daxil olmaqla, saxlanılan jurnalistlərin arxasınca taksidə gəliblər, ancaq onlar da saxlanılıb və döyülüb.

“Azərbaycan hakimiyyəti beynəlxalq öhdəliklərinə, KİV azadlığına və təhlükəsizliyinə zəmanət verməsi barədə vədlərinə baxmayaraq, siyasi və media sahəsində plüralizmi məhv etməkdə davam edir,” təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin müdiri Janna Kavelye bildirib.

Müstəqil mətbuat seçki qaydalarının kobud şəkildə pozulduğunu, jurnalistlərin hüquq-mühafizə orqanları və seçki komissiyalarının əməkdaşları tərəfindən zorakılığa məruz qaldıqlarını bildirib.

“Biz şəffaf araşdırma aparılmasını, bu zorakılığı törədənlərin mühakimə olunmasını, Avropa İnsan Hüquqları Konvensiyasına, Mülki və Siyasi Hüquqlar haqda Beynəlxalq Pakta əməl olunmasını tələb edirik,”o vurğulayıb.

Sərhədsiz Reportyorlar seçki günü jurnalistlərə ən azı səkkiz hücum faktını qeydə alıb, onlara işləməyə imkan verilməyib.

Belə ki, “Azadlıq” radiosunun əməkdaşı İslam Şıxəli təzyiqə məruz qalıb və bu, videoda öz əksini tapıb.

Başqa bir videoda bir neçə nəfər BBC-nin müxbiri Aygün Mehmanın çəkiliş aparmasına mane olmağa çalışır. Seçki komissiyasının üzvü “Yeni Cümhuriyət” saytından Əli Səfərin kamerasını sındırıb.

Frilanser Fatimə Mövlanlı, Turan agentliyinin reportyorları Əziz Kərimov və Fərid Qəhrəmanov, Amerikanın Səsi radiosunun müxbiri Pərvanə Bayramova və Abzas.net onlayn KİV-in redaktoru Ülvi Həsənli seçki məntəqələrində və şəhərin küçələrində təzyiqlərə məruz qalıb.

9 fevral seçkilərindən öncə bəzi KİV və müxalifət saytları bloklanıb və ya səhifələrinə xaker hücumu olub, məsələn, Basta.info, Yuksalich Namina.

2019-cu dünya mətbuat azadlığı indeksində Azərbaycan 180 ölkə arasında 166-cı yerdədir. Əksər tənqidi KİV, əsas müstəqil xəbər saytları bağlanıb və hazırda ən azı altı jurnalist həbsdədir, bəyanatda deyilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz