Əli Kərimli "Azercell"i məhkəməyə verib

Xəbərin çap versiyası
Tarix: 28-04-2020, 17:48
Əli Kərimli "Azercell"i məhkəməyə verib


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və həyat yoldaşı Samara Seyidova internet və telefon əlaqələrinin məhdudlaşdırılmasıyla əlaqədar məhkəməyə üz tutub.

Ə.Kərimli və xanımının istifadəsində olan mobil telefon nömrələri "Azercell" şirkətinə aiddir. Yaşadıqları mənzildə internet üçün isə "AzQTel" MMC-nin (SAZZ) xidmətindən istifadə ediblər. Ona görə də Nəsimi rayon Məhkəməsində hər iki şirkətə qarşı iddia qaldırıblar.

CivilAzerbaijan.com bildirir ki, iddia ərizəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də üçüncü şəxs qismində prosesə cəlb olunması istənilib.

İddia ərizəsində bildirilir ki, aprelin 13-də axşam saat 22:30-da Ə.Kərimli axşam saat 22:30 radələrində internet vasitəsilə müsahibə verməliydi, bu barədə anons da getmişdi. Bundan təxminən 15 dəqiqə öncə mənzildə internet xidməti qəfil dayandırılıb. Həmin vaxt hər ikisinin telefon nömrələrindəki internet də dayanıb. Ertəsi gün onların internet rabitəsi bərpa edilsə də, Ə.Kərimli bir gün əvvələ planlaşdırılan müsahibəni verəcəyini açıqlayandan az sonra yenə yox olub. Sonrakı günlərdə isə hər ikisinin internetlə yanaşı, telefon rabitələri də kəsilib.

"Azadlıqdan məhrumetmə vəziyyəti yaradıb"

"Xüsusi karantin rejimində informasiya blokadası öz nəticələrinə görə Əli Kərimli və Samara Seyidova üçün ev dustaqlığı, azadlıqdan məhrumetmə vəziyyəti yaradıb", - iddia ərizəsində vurğulanıb.

Ə.Kərimli bildirir ki, özünün və ailə üzvlərinin konstitusion hüquqları planlaşdırılmış qaydada tapdanıb. Onun sözlərinə görə, bütün bunların COVID-19 (koronavirus) pandemiyasıyla əlaqədar karantin vaxtı, rəhbərlik etdiyi partiyanın üzvlərinin kütləvi həbs olunduğu dövrdə baş verməsi təsadüf deyil. AXCP sədri hesab edir ki, baş verənlər Avropa Konvensiyasının 3 (işgəncəyə, pis rəftara məruz qalmamaq), 8 (şəxsi həyata hörmət), 10 (ifadə azadlığı), 14 (ayrı-seçkiliyə məruz qalmamaq) və 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyi) maddələrinin pozulmasıdır. İddia tələbləri də budur ki, məhkəmə bu pozuntuların baş verdiyini təsdiqləsin.

"İddia ərizəsi təxminən bir həftə öncə göndərilib. Amma icraata götürülməsi, işə hansı hakimin və nə vaxt baxacağı haqda məlumat yoxdur", – AXCP-dən AzadlıqRadiosuna bildirilib.

Qarşı tərəf nə deyir

Məhkəmə işi üzrə cavabdehlərdən "Azercell" şirkəti MeydanTV-yə açıqlamasında Ə.Kərimli və xanımının mobil telefonlarında rabitə və internetin məhdudlaşdırılmasıyla əlaqəsi olmadığını bildirir: ""Azercell Telekom" MMC öz fəaliyyətində telekommunikasiya haqqında qüvvədə olan qanunvericiliyi rəhbər tutmaqla, bütün müştəriləri ilə bərabər davranır və onların arasında siyasi baxışlarına görə fərq qoymur".

Daxili İşlər Nazirliyi isə Ə.Kərimli və ailəsinin rabitə, internet əlaqələrinin məqsədli şəkildə məhdudlaşdırılması barədə iddiaları təkzib edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov "Turan" agentliyinə məsələyə belə münasibət bildirib: "Telefon stansiyasına, mobil operatoruna müraciət etsin. Hərdən məndə də olur ki, şəbəkə itir...".

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz