AXCP sədr müavininin dəfnində iştirak edən fəallar saxlanılıb
Tarix: 8-10-2020, 12:17
Oktyabrın 7-də vəfat edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının dəfn mərasimində iştirak edən AXCP və Milli Şuranın bir neçə fəalı saxlanılıb.
CivilAzerbaijan.com bildirir ki, bu barədə AXCP məlumat yayıb.
“Saxlanılanlar arasında Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal, jurmalist Fatimə Mövlamlı da var. AXCP sədrinin müavini Seymur Həzi də saxlanılıb, bir qədər sonra sərbəst buraxılıb”, deyə hazırda dəfn mərasimində iştirak edən AXCP funksioneri Turan-a bildirib. Rəsmi qurumlar hələ bu məlumata münasibət bildirməyib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı oktyabrın 7-də uzun sürən xəstəlikdən sonra vəfat edib. Gözəl Bayramlı Azərvaycan Milli Azadlıq Hərəkatının fəallarından idi. O, keçmiş siyasi məhbus olub.
2017-ci il mayın 25-də Gürcüstandan Azərbaycana qayıdarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları Gözəl Bayramlını saxlamışdı. Onun barəsində qaçaqmalçılıq maddəsi ilə cinayət işi başlanmış və haqqında həbs qətimkan tədbiri seçilmişdi. 2018-ci il yanvarın 23-də Qazax Rayon Məhkəməsinin hökmü ilə o, 3 il azadlıqdan məhrum edilmişdi. 2019-cu ilin martında Gözəl Bayramlı əfv sərəncamı ilə azadlığa buraxılmışdı, Turan-ın məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər