“TƏBİB-in uşaqların müalicəsi üçün tövsiyə etdiyi dərmanların bəzisi dünyada qadağan edilib”
Tarix: 4-05-2021, 11:50
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının Diaqnostik və İnvaziv Radiologiya İnstitutunun şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev TƏBİB-in uşaqlarda SARS-CoV-2 virusuna yoluxma zamanı yaydığı protokolu tənqid edib.
CivilAzerbaijan.com bildirir ki, Abdullayev öz “Facebook” hesabında qeyd edib ki, protokolun uşaqları müalicə bölümündə bəzi dərmanlar tövsiyə edilib, hansı ki o dərmanların azyaşlılar üçün istifadəsi ümumiyyətlə, qadağan edilib.
«Biri var bilməmək, buna baxmayaraq, bunu dərk edib, öyrənməyə çalışmaq, cəhd etmək, bu, ayıb deyil. Biri də var ki, bilməmək, amma bunu dərk edərək həm də öyrənmək istəməmək və buna heç cəhd etməmək, bu isə çox ayıbdır.
İkinci hala üstünlük verən peşə sahiblərini onların ixtisaslarına uyğun müxtəlif titullarla tətbiq etmək olar. Məsələn, yumşaq desək, yerini bilməyənlər, məsuliyyətsizlər, savadsızlar, daha dəqiq desək, cinayətkarlar və s. Dünən TƏBİB-in uşaqlarda SARS-CoV-2 virusuna yoluxma zamanı yaydığı protokolla tanış oldum. Bu protokolun tərtibi bir daha onu göstərir ki, TƏBİB-in işi yuxarıda dediyim misalın ikincisinə aiddir”.
“Protokolda bir çox şeylər səhv qeyd edilib, amma ən dəhşətlisi isə uşaqlarda müalicə bölümü və burada tətbiqi məsləhət görülən bəzi dərmanların adlarıdır. Qısaca deyim ki, həmin dərmanların bəzisinin, ümumiyyətlə, dünyada uşaqlarda istifadəsi qadağandır. Digər tərəfdən isə dərmanların adları yazılarkən uşaqlarda ciddi fəsadlar törədə biləcək (hətta ölümə səbəb ola biləcək) yan təsirləri nəzərə alınmayıb”, - həkim qeyd edib.
Onun sözlərinə görə, bu cür protokolun tətbiqində yol verilən məsuliyyətsizlik heç bir halda qəbul edilən deyil:
“Hansısa rayonda olan həkim bu dərmanı uşağa verib, nəticədə azyaşlının ölümünə səbəb olsa, günahın kimin boynunda olacağını da biz çox gözəl başa düşdüyümüzdən bu protokolun qısa zamanda dəyişilməsini və elmi əsaslarla tərtib edilməsini TƏBİB-dən tələb edirik!
Bu cür protokolların tətbiqində TƏBİB tərəfindən yol verilən belə ciddi səhvlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ölkədə pozitiv istiqamətdə edəcəyi məsələlərə xələl gətirməklə yanaşı, TƏBİB-in də məsələlərə nə qədər hakim olduğunu bir daha göstərdi».
Digər pediatrlar da N.Abdullayevə dəstək veriblər. Onlardan biri - Sevil Məmmədova deyib ki, TƏBİB-in müalicə protokolunu sanki tibbdən anlamayan biri internetə baxaraq yazır.
«Bəzən verilən qərarlara anlam verməkdə çətinlik çəkirəm. TƏBİB tövsiyə etdiyi qərarları bir də gözdən keçirsin. Onsuz da bu aralar başqa işlərlə məşğul deyil», - həkim bildirib.
Meydan TV-nin xəbərində qeyd olunur ki, TƏBİB-dən N.Abdullayevin fikirlərini şərh etmək istəməyiblər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər