ABŞ öz vətəndaşlarını Azərbaycan və Ermənistana səyahət etməməyə çağırıb - SƏBƏB

Xəbərin çap versiyası
Tarix: 19-05-2021, 20:30
ABŞ öz vətəndaşlarını Azərbaycan və Ermənistana səyahət etməməyə çağırıb -


“COVID-19 səbəbilə Azərbaycana səyahət etməyin. Terrorizm narahatlığı səbəbindən səyahətə yenidən baxın”.

CivilAzerbaijan.com
bildirir ki, bu xəbərdarlıq ABŞ Dövlət Departamentinin saytında yerləşdirib. Xəbərdarlıqda Dövlət Departamenti öz ölkəsinin vətəndaşlarına Azərbaycana və Ermənistana səyahət etməməyi tövsiyə edib.

ABŞ Azərbaycanla bağlı səyahət məsləhətlərini ən yüksək - 4-cü səviyyəyə (qırmızı) qaldırıb və vətəndaşlarına səyahət etməməyi tövsiyə edib.

Dövlət Departamenti xəbərdarlığa səbəb kimi koronavirus və sərhəddəki gərginliyi, terror təhlükəsini göstərib. Buna görə də Azərbaycan-İran sərhəddinə də lazımsız səyahətlərdən çəkinmək tövsiyə olunur.

“Azərbaycana uzun müddətdir mümkün terror hücumları planlaşdıran terorçu qruplar tərəfindən risklər qalmaqdadır. Bu səbəbdən Azərbaycan-İran sərhəddinə lazımsız səyahətlərdən çəkinin. Terroristlər heç bir xəbərdarlıq etmədən belə hücum edə bilər, turizm yerlərini, nəqliyyat mərkəzlərini, bazarları/ticarət mərkəzlərini, yerli idarəetmə obyektlərini, otelləri, klubları, restoranları, ibadət yerlərini, parkları, böyük idman və mədəni tədbirləri, təhsil müəssisələrini, hava limanlarını və digərlərini hədəf ala bilərlər”.

Həmçinin xəbərdarlıqda Dağlıq Qarabağa getməmək tövsiyə olunub. Bildirilir ki, giriş məhdudlaşdırıldığı üçün ABŞ hökuməti Qarabağ və ətraf ərazilərdə ABŞ vətəndaşlarına təcili yardım göstərə bilmir.

“Azərbaycanın Ermənistanla sərhəddinə yaxın yollarda ehtiyatlı olun. Yolun bəzi hissələrinin xəbərdarlıq edilmədən beynəlxalq sərhədləri keçə biləcəyinə diqqət yetirin. Yollar nəzarət məntəqələri tərəfindən idarə oluna bilər və ya xəbərdarlıq edilmədən səyahətçilər üçün bağlana bilər”.

ABŞ Dövlət Departamenti Ermənistana səyahətlə bağlı da oxşar xəbərdarlıq edib.

Turanın məlumatında qeyd olunur ki, 2020-ci il sentyabrın 27-də Dağlqı Qarabağda başlayan aktiv döyüş əməliyyatlarından öncə də ABŞ Dövlət Departamenti xəbərdarlıq yaymışdı.

Azadlıq Radiosu xəbər verir ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin öz vətəndaşlarına Azərbaycana səyahətlə bağlı xəbərdarlığına münasibət bildirib.

DTX qeyd edir ki, Azərbaycan ərazisində terror təhlükəsinin olması ilə bağlı məlumatlar əsassızdır:

“Amerika Birləşmiş Ştatlarının Dövlət Səyahət Departamentinin rəsmi internet səhifəsində ABŞ vətəndaşlarına Azərbaycanda “COVİD-19” koronavirus infeksiyası və yüksək terror təhlükəsi riski ilə əlaqədar məlumat verilib, onlara ciddi zərurət olmadığı təqdirdə ölkəmizə səyahət etməmələri tövsiyə olunub. Qeyd olunan məlumat sosial media resurslarının Azərbaycan seqmentində yayılıb”.

Qurum bəyan edir ki, Azərbaycan ərazisində terror təhlükəsinin olması ilə bağlı verilən bu kimi məlumatlar həqiqəti əks etdirmir və tamamilə əsassızdır:

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hüquq-mühafizə və təhlükəsizlik siyasəti nəticəsində ölkəmizdə yaradılmış dayanıqlı sabitlik və əmin-amanlıq vətəndaşlarımızın, həmçinin Azərbaycana gələn əcnəbilərin təhlükəsizlik şəraitində yaşamasına təminat verir. Hazırda ölkəmizə səyahət etmək istəyən şəxslər üçün hər hansı terror təhlükəsi riski mövcud deyildir”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz