Biznesmen, deputat, alim – “Qərbçi” Cavanşir Feyziyevin iddiası böyükdür, yoxsa potensialı?
Tarix: 29-08-2021, 15:28
Azərbaycan. Yerinin altı da, üstü də sərvət olan bu ölkədə kibritdən bananadək, kartof-soğandan qaloşadək hər bir şey monopoliyadadır. Ölkənin qanunverici orqanı və icraedici strukturları imkan düçən hər fürsətdə, addımbaşı monopoliyanın qüdrətlənməsinə, daha da geniş vüsət almasına çalışır. Daha doğrusu, monopoliyaya rəhbərlik edən şəxslər ölkənin qanunverici orqanında, icra strukturlarında mühüm postlar tutaraq monopoliyalarının şaxələndirilməsi üçün dövlətin bütün imtiyazlarından yararlanırlar.
Ölkəyə gətirilən hər bir məhsulun öz monopolisti olduğu kimi, o cümlədən, idxal edilən dərman və tibbi preparatların da öz monopolisti var. Bu şəxsin adı ictimaiyyətdə çoxlarına bəllidir - Cavanşir Feyziyev. Əlbəttə, digər monopolistlər kimi Cavanşir Feyziyev də ölkənin qanunverci orqanının üzvüdür - yəni, deputatdır. Cavanşir Feyziyevin monopoliyasından qidalanan adamlar onu fərqli adlarla təqdim etməyi sevirlər - böyük alim, xeyriyyəçi biznesmen, uzaqgörən siyasətçi...
Lakin siyasətçi müraciətinin önündəki epitetin uzun illərdən bəri formalaşmış indeksini və həssaslığını yaxşı dərk edən Cavanşir Feyziyev qəlbinin ən dərin qatlarında bu müraciətdən nə qədər feyziyab olsa da, komandasının üzvlərinin ona belə müraciət etməsini istəmir. "Xeyriyyəçi biznesmen" adı ilə kimlərinsə diqqətini cəlb etməkdən ehtiyatlanan C.Feyziyev mövcud və eyni zamanda münbit boşluqdan istifadə edərək daha geniş coğrafiyaya "yayılmaq" üçün alim markasından daha çox yararlanmağa çalışır. Bu barədə sonra. Yaxşı, bəs, “böyük alim”, “xeyriyyəçi biznesmen” Cavanşir Feyziyev nədən siyasətə atıldı?
Deputatlıq - şəxsi sərvətin xilas yolu və... trampilin
Cavanşir Feyziyev Azərbaycanda olan digər "həmkarlarından"-monopolistlərdən az da olsa "fərqlənməyi" bacarır. Belə ki, o həmin biznesmen-deputat həmkarlarının əksəriyyəti kimi ali məktəbə 45-50 yaşlarında yox, 23 yaşında daxil olub. Birinci Qarabağ savaşından "uğurla" yayınmağı bacaran, institutu tərcüməçi-müəllim ixtisası üzrə bitirən, hətta iki il oxuduğu ali təhsil müəssisəsində çalışan Cavanşir Feyziyev müəllimliyin "daşını ataraq" 1994-cü ildə o zaman dövrün ən perspektivli sahəsi olan biznesə üz tutur.
Və beləliklə, 1994-1998-ci illərdə müxtəlif xarici şirkətlərdə çalışan Feyziyev 1998-2002-ci illərdə "Planet Co.Ltd" şirkətinin təsisçi və icraçı direktoru, 2002–2010-cu illərdə isə "AvroMed" şirkətinin həmtəsisçisi və baş direktoru olur. Müəllimlikdən biznesə uğurlu transfer etməyi bacaran C.Feyziyev 2010-cu ildə monopolist həmkarlarının "təcrübə"sindən yararlanaraq siyasi karyerasına "start" verir.
2010-cu il parlament seçkilərində deputat “seçilən” Cavanşir Feyziyevin ən böyük məqsədi əlbəttə ki, sərvətini qorumaq və həm də uzun illərdən bəri tibb sahəsində yaratdığı monopoliyaya böyük gücləri şərik edərək daha geniş trayektoriyaya çıxış əldə etmək idi. Savadına, Avropadakı əlaqələrinə və yeni himayədarlarına güvənən deputat Feyziyevin növbəti hədəfi parlamentdən hökumətə gedən sehrli yolu tapmaq idi. Amma...
Feyziyevin Fransa fiaskosu
Milli Məclisin 2010-cu ildən deputatı olan Cavanşir Feyziyev ali siyasi instansiyada böyük etibar qazanmaq və eyni zamanda əlaqələrini, potensialını nümayiş etdirmək üçün Azərbaycanla Avropa Birliyi ölkələri arasında əlaqələrin möhkəmləndirilməsi sahəsində müəyyən addımlar atmağa başlayır. SivilAzerbaijan.com-a məlumat verən mənbənin sözlərinə görə 2010-2020-ci illər ərzində Avropada, xüsusən də Fransada sosial-mədəni layihələrə yüz milyonlarla vəsait yatırmağa Azərbaycan hökumətini inandıran şəxslərdən biri də Cavanşir Feyziyev olub.
Fransada ciddi əlaqələrinin olduğunu vurğulayan Cavanşir Feyziyev Azərbaycanın bu ölkənin müəyyən sahələrinə yatırım qoyaraq Fransanı Azərbaycanın tərəfinə çəkəcəyinə, ən lazımlı məqamlarda onların obyektiv davranacağına inandırıb. Əslində isə C.Feyziyevin bu məsələdə də gizli şəxsi marağı olub. O bu qanuniləşdirilimiş rüşvət yolu ilə gələcək çirkin planlarını həyata keçirmək üçün Fransadakı himayadərlarının "gözünə girmək" istəyib.
Bu formada onlara "ayı xidməti" göstərərək bəlli siyasi dairələri satın almaq istəyib. Azərbaycan hökumətinin 2010-2020-ci illər ərzində Fransada sosial-mədəni sahələrə təxminən 3 milyard manata yaxın vəsait xərclədiyi deyilsə də, burada vəsaitlərin həddindən artıq şişirdildiyi də iddialar arasındadır.
Fransada yüz milyonlarla vəsaitin sovrulmasında yuxarıda da qeyd etdiyimiz kimi 2015-ci ildə Fransanın Kolmar şəhərinin fəxri səfiri olan Cavanşir Feyziyevin xüsusi rolu olub. Ancaq 2020-ci ilin sentyabr ayının 27-də 30 ildən artıq Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını azad etmək üçün müharibəyə başlayan Azərbaycan gözlənildiyinin əksinə olaraq Fransa hökumətindən obyektiv mövqe görmədi. Əksinə, Fransa 44 gün davam edən müharibə ərəfəsində daim təcavüzkar, işğalçı Ermənistanın yanında oldu, daim onu dəstəklədi, civilazerbaijan.com-a daxil olan məlumatda qeyd olunur.
Azərbaycan prezidentinin dəfələrlə Minsk qrupunun üzvü olan Fransanı obyektiv olamağa səsləməsi, hökumət nüməyəndələrinin, deputatların bu yöndə atdıqları addımlar heç bir nəticə vermədi. Mənbə qeyd edir ki, bu hadisədən sonra Cavanşir Feyziyev hökumətdə, xüsusən də birinci vitse-prezident Mehriban Əliyevanın qarşısında zədələnmiş nüfuzunu bərpa etmək üçün yeni hiyləgər planlar qurub. Bu barədə ayrıca bir yazımız olacaq.
Feyziyevin iddiası böyükdür, yoxsa potensialı?
Yuxarıda qeyd etdiyimiz kimi Cavanşir Feyziyev 2010-cu ildə deputat olduqdan sonra fəaliyyətində ciddi dönüşlər etməyə başladı. Bunu deputatın bioqrafiyasına diqqət yetirdikdə də görmək olar. Məsələn, birinci Qarabağ savaşında biznes meydanına atılan Cavanşir Feyziyev eyni həssaslıqla 2010-cu ildən sonra elm meydanına atıldı. Azərbaycanda elm sahəsində olan boşluqlardan digər ticarətçilər kimi Cavanşir Feyziyev də yararlanmağı bacardı.
CivilAzerbaijan.com-a verilən məlumatda bildirilir ki, 2011-ci ildə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantı olan Feyziyev sonrakı illərdə Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin, Mətbuat Şurasının İdarə Heyətinin üzvü olub. Yaradıcı təşkilatları bir-bir himayəsinə alan C.Feyziyev ölkə mediasını da "unutmayıb". Məlumata görə hökumətin "Fransa fiaskosu"nun həmmüəlliflərindən olan Cavanşir Feyziyev özünü post-müharibə dövrünə hazırlayır.
Belə ki, yaratdığı monopoliyaya şərik etdiyi ölkədaxili güclərin himayəsinə və xaricdəki şəriklərinə arxalanan Cavanşir Feyziyevin siyasi iddiaları gündən-günə artır. Mənbənin iddialarına görə Cavanşir Feyziyevin əsas hədəfi Nazirlər Kabinetində mühüm vəzifə tutmaqdır. Qeyd edilir ki, bu post yaxın gələcəkdə yaradılacaq Ticarət Naziri vəzifəsi də ola bilər.
Digər bir məlumata görə isə, bu, sadəcə bir tramplindir, Qərbdəki əlaqələrinə güvənən Cavanşir Feyziyevin daha böyük hədəfləri var. Rusiyalı iqtisadçı-siyasətçi Qriqoi Yavlinski deyir ki, hökumətin tərkibinə daxil olmağa iki səbəbə görə can atırlar: ya məşhurlaşmaq üçün, ya da oğurluq etmək üçün...
Avropadkı şübhəli əlaqələri hesabına Cavanşir Feyziyevin hökumətə hansı çirkin niyyətlərlə can atmasının səbəblərini növbəti yazımızda diqqətinizə çatdıracağıq...
Sabir Mirzə
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər