Reallıq. Antireallıq - SOYLU ATALI

Xəbərin çap versiyası
Tarix: 10-09-2021, 15:58


Soylu Atalı Asif Atanın Mütləqə İnam Ocağının Yükümlüsüdür.

CivilAzerbaijan.com
Soylu Atalının "Reallıq. Antireallıq" yazısını təqdim edir:

Soylu Atalı

Reallıq. Antireallıq


Azərbaycan hakimiyyəti Rusiya Zoru qarşısında yenilgənliyini pərdələmək, eləcə də, sülhyanlısı görünmək üçün çağaşarı absurd ideyalar səsləndirir. Onlardan biri də bu günlərdə dilə gətirdiyi “Qafqaz Evi” ideyasıdır. Biz bu ideyanı niyə absurd sayırıq?! – Azərbaycanla Ermənistanın münasibətləri göz qabağındadır. Axı, Azərbaycan torpağına qarşı erməni işğalı başa çatmayıb. “Qarabağ Azərbaycandır” şüarını səsləndirməklə məsələ yoluna girməz. Bunu hər kəs bilir ki, Qarabağ tarixi Azərbaycan torpağıdır. Ancaq bu gün o torpaqlarımız işğal altındadır.

Bunu danmaqla işğalı ört-basdır eləmək, gözlərə pərdə tutmaq heç bir anlam daşımaz. Əgər işğal deyilsə, onda Rusiyanın ordu birliyi o torpaqlarımıza niyə gəlib? Ya da niyə buraxılıb?!

Əgər gerçəkliyi, yəni Rusiyanın güclü olmasını, Azərbaycanın onunla hesablaşmaq zorunda qalmağını doğru qiymətləndirməməkdə bizi qınayarlarsa, o zaman nədən səhərdən-axşama dönməz qələbənin olmasından danışırlar. Həm “gerçəklik”lə hesablaş, yəni Rusiyanın əsgəri qüvvəsini içimizə burax, suveren hüquqlarımız pozulsun, həm də qələbə eyforiyaları. Belə olan halda “Qafqaz Evi” nəyə qulluq edəcək?! Bundan öncə Azərbaycanın da qatıldığı GUÖAM yaradılmışdı. Hanı bu qurum, harda özünü göstərir – yalnız iqtisadi əməkdaşlıqdamı?! İqtisadi əməkdaşlıqlar üçün bu cür qurumlara gərək yoxdur.

Yüzildir erməni Rusiyanın əli ilə torpaqlarımızı işğal edir. Ya da Rusiya erməninin əliylə torpaqlarımızı işğal edir – fərq eləməz. İnsanlarımızı qırır, namusumuzu ləkələyir. Bu cür çirkin əməllərindən bir an da qırağa durmur. Qırağa durmaq niyyəti də yoxdur. Ona görə də düşünürük, ildən-ilə baş verən hər cür faciələrin qarşısının alınması üçün ermənilik adlanan ilanın biryolluq başı əzilməlidir. Rusiyanın isə dişi sındırılmalıdır ki, hər addımda dövlətçiliyimizə diş batırmasın. Ancaq necə?! Bunun üçün hər addımda Türkiyəni çağırmalı deyilsən ki. Türkiyənin də öz sorunları var, başından aşır. Bundan sonra da sorunları olacaq.

Ona görə düşünürük ki, Azərbaycan dövlətinin Güney Azərbaycana yönəlik konsepsiyası olmalıdır, bu konsepsiya əsasında ciddi çabalar göstərilməlidir (Biz bu düşüncəmizi onillərdir dilə gətiririk, yazırıq. Jirinovski kimi avantürist bir haytalının vurğulamalarına görə demirik. Yeri gəlmişkən, biz dönə-dönə yazmışıq, Batının hədəfi – nə İranı parçalayıb qüdrətli Azərbaycan-Türk dövləti yaratmaqdır, nə də Rusiyanı parçalayıb 15 Türk subyektindən qüdrətli Türk birliyi oluşdurmaqdır. Sadəcə hədəfi onları yönətilən (idarə olunan) duruma gətirməkdir. Bütövləşmək, bağımsızlığımıza, özgürlüyümüzə qovuşmaq isə bizim tarixi, milli-mənəvi haqqımızdır. Bunu biz özümüz yetirməliyik).

Azərbaycan siyasi, milli-mənəvi çabalar göstərərək, Bütövləşib özünüqoruma gücünə yiyiələnməlidir. Bu uğurda çabalar göstərməsə, Rusiya da daim işğalçı kimi davranacaq, heç vaxt da bu əməlindən dala durmayacaq. Güney Qafqazda, Pyotrun vəsiyyətindən irəli gələn bir niyyətlə, Azərbaycan-türk dövlətçiliyinə son vermək əməllərini gerçəkləşdirməkdə davam edəcək.

İran da o yandan ona yardımçı olacaq. Ömürlük qorxu siyasəti yürüdərək Rusiyaya yaltaqlanmaq, onu strateji yandaş saymaq – Azərbaycan sorunlarının, bütövlükdə Güney Qafqaz məsələlərinin çözümü deyil. Rusiya heç kimlə yandaş, müttəfiq olmur, o, özünə kölə istəyir, kölə yaradır. Kölələrinin boynunda oturaraq gələcəyə addım götürür…

Söz yox, biz Azərbaycanla bağlı rahatsızlığımızı dilə gətirərkən, indiki Azərbaycan hakimiyyətinin dediklərimizi gerçəkləşdirəcəyinə inanmırıq, nə də ondan belə bir hünər ummuruq. Sadəcə olmalını dilə gətiririk. Soyğunçu, rüşvətxor, korrupsioner, xalqın umudunu, sağlamlığını məhv edən bir komanda belə bir istəkdə, gücdə ola bilməz. Ona görə Azərbaycanın siyasi özünüqoruma gücünün ortaya gəlməsi – yəni Bütövləşməsi (Azərbaycanın başqa cür siyasi özünüqoruma gücü yoxdur) kimlərəsə absurd görünə bilər.

Ancaq bütövlükdə (bu hakimiyyətin dönəmindən qıraqda da) bu ideyanın kimlərəsə absurd görünməsinin, real görünməməsinin özü absurddur. “Reallıq başqa şeylər tələb edir” deyərək, dövlətçilik taleyimizin sonunu gözləmək necə real sayıla bilər?! Demək, güclənmək çabaları absurddur, zəif qalmaq, balaca qalmaq realdır, doğrudur; axmaqlığın qaçılmaz olmasını düşünmək, daha doğrusu, ölümlə barışmaq nə demək?!.

Bir sözlə, Azərbaycan ayrı-ayrı siyasi birliklər yaratmağa, ya da yaranmışlara yüyürməyə vaxt itirmək yerinə, özü ilə Birləşməyə vaxt ayırmalıdır. Özü ilə birləşməyi bacarmayan, ya da buna çaba göstərməyən bir dövlət, bir xalq başqaları ilə bir araya gəlməkdən nə xeyir götürə bilər?! Söhbət parçalanmış, zəif düşmüş xalqdan gedir…

Azərbaycan onsuz da parçalanmışlığı ilə zəif düşmüşdür. Üstəlik ortada onu (xalqının yaşam durumuna görə) zəif düşürən bir hakimiyyət vardır. Bu hakimiyyətin yarıtmaz əməllərinin sonucudur ki, erməni yenə ATƏT-in Minsk Qrupu, yenə “danışıqlar” məsələsini gündəmə gətirir. Belə getsə Minsk Qrupunun gerilikçi varlığı bərpa oluna bilər.

Çünkü Rusiyanın Güney Qafqazda əsas söz yiyəsi kimi oturuşmasını Batı sinirə bilməz. İkinci, nə Rusiya, nə də Batı Türkiyənin bu regionda aktiv rol almasını sinirə bilməz. Söz yox, biz bununla demək istəmirik ki, hər şey elə Rusiyanın, ya da Batının istəyi ilə olmalıdır. Bu istəkləri pozmaq üçün ortaya dövlət iradəsi qoymaq gərəkdir. Ancaq nə yazıqlar, hələ ki, ortaya sağlam iradə qoyulmur.

Azərbaycanın hakimiyyətyönlü mətbuatı yazır: Qarabağda yerləşdirilən ermənilər geri (Ermənistana) qayıdır. Guya Azərbaycanın qarantiyası olmadan heç kim orda qalmaz. Bunu da Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətlə bağlamağa çalışırlar. Sözsüz ki, bu hakimiyyətin ortada bir uğurlu addımı olanda gözümüzü yummağa çalışmırıq. Ancaq ortada hər hansı uğurlu siyasət görünmür (nisbi xarakterli lokal siyasi uğurlar isə ötəri təsəllidən başqa bir şey deyil).

İndiyə kimi erməni öz gücü ilə dövlətləşib erməniləşməyib ki. Nə əldə edibsə, başlıca olaraq, Rusiyanın gücü ilə əldə edib. Ermənini Qarabağa daşıyan Rusiya onun orada qalmasına qarantiya da verir – Ermənistana yaraq-yardım daşımaqla, Azərbaycan hakimiyyətinə bu durumu qəbul etdirməklə. Arada içəriyə hesablanmış bəyanatlar səsləndirmək isə boş təsəllilərdən uzağa getməz.

Rusiya ermənini Qarabağa daşımalı idi, indi də onu orada saxlamalıdır. Yoxsa Rusiyanın əsgəri qüvvəsinin Azərbaycan torpaqlarında nə işi var. Azərbaycan torpaqlarında olmasına ad qoymalıdır axı. Qarabağda erməni olmasa idi, Azərbaycan torpağında hansı sülhüqoruma əməliyyatını keçirirəm deyə bilər?! Bir sözlə, Rusiya özü üçün öz işini yerinə yetirir, biz də öz işimizi yerinə yetirməliydik, yetirməliyik. Mətbuat səviyyəsində Rusiyanı suçlamaqla işimiz yerinə yetirilmir. Ya da Azərbaycan-Türkiyə bağlılıqlarını Ermənistan-Rusiya bağlılıqlarından üstün sayıb təsəlli bulmaqla işimiz yeriməz.

Yeri gəlmişkən, Rusiya-Ermənistan bağlılığını Azərbaycan-Türkiyə bağlılığı ilə tutuşdurmaq heç gərək də deyil. Belə götürəndə nə Rusiyanın, nə də Ermənistanın tarixi torpaqları yoxdur, yəni əslində tarixi haqları yoxdur. Ona görə onların (birinin imperiya, o birinin əlaltı olmasına baxmayaraq) bəşəri taleləri də oxşardır. Ancaq istər Azərbaycan, istər Türkiyə öz tarixi torpaqlaında oturmuş dövlətlərdir. Bunların heç biri işğalçı deyil, ən güclü çağlarında belə heç bir toplumu assimilyasiya etməyiblər.

Bu, ayrı bir qonu olduğu üçün davam etmirik. Ancaq yuxarıda dediklərmizə bəzi artırmalar (əlavələr) eləmək yerinə düşər. 44 günlük savaş apardıq. Ordumuz böyük ərdəmlik göstərdi. Heç kim bu ərdəmliyə kölgə salmaq niyyətində deyil. Ancaq boynumuza almalıyıq, bu savaş icazəli savaş idi. Ordumuzu son qələbələrdən daşındırmaq da savaşın icazəli olduğunu sübut edirdi.

Ancaq bizim öz gücümüz yaranarsa, vətənimizi qurtarmaq, qorumaq, qurmaq üçün heç kəsdən, yarımçıq qələbə üçün, icazə almarıq. Gücümüz isə öncə Güney Azərbaycandır, sonra Türk Birliyidir. Bizim üçün Türk Birliyi imperialist birlik deyil, Özünüqoruma Birliyidir. Düşünərlərimiz qonunu bu yöndə inkişaf etdirsələr, sevinərik.

Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
Atamız Var olsun!


26 Qürub Ayı, 43-cü il. Atakənd.
(avqust, 2021. Bakı)


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər
{sape_links}{sape_article}



Facebook səhifəmiz