Şəlalə ƏBİL. Nesar - HEKAYƏ

Xəbərin çap versiyası
Tarix: 19-12-2021, 12:52


Azərbaycanlı yazıçı-publisist Şəlalə Əbil hal-hazırda İsveçdə yaşayır.

CivilAzerbaijan.com
Şəlalə Əbilin Avropada mühacir həyatı yaşayan Əfqanıstanlı bir gəncin həyatından bəhs edən ”Nesar” hekayəsini təqdim edir:

Şəlalə Əbil

Nesar
hekayə


Hotelə təzə işçi götürüldüyünü, özünün də 19 yaşında Nesar adlı əfqan bir oğlan olduğunu, hətta həmin gün işə başlayacağını bilirdim. Mən qapıdan girəndə Nok qadınların geyinmə otağından önlüyünü geyinə-geyinə çıxırdı. Yanımdan ötəndə ani ayaq saxlayaraq mənə tərəf əyilib astaca:
- On doqquzmuş! Nə on doqquz, canım?! Ən azı otuz yaşı var! - deyib keçdi.

Söhbətin nədən getdiyini anlamağa çalışdığım bir vaxtda, bu dəfə kişilərə aid olan geyinmə otağının qapısının ağzında dayanıb çaşmış halda o yan-bu yana baxan adama gözüm sataşdı və onun həmin təzə işçi olduğunu o saat anladım. Yaxınlaşıb əlimi uzatdım və adımı deyəndən sonra onun cavabını gözləmədən:
- Məncə, sən Nesar olmalısan, -dedim.

Üzümə baxmadan utancaq halda gülümsədi:
- Hə, Nesaram.
Bayaq iki daşın arasında Nokun dediyi sözlər yadıma düşdü. İxtiyarsız üzünə baxdım və alnında iz salmış qırışlar gözümdən qaçmadı.

Çətin olmağına baxmayaraq, işini tez qavradı Nesar. Hotelin yemək zalından içəri - mətbəxə daşınan bütün bulaşıq qab-qacağı sortlaşdıraraq hərəsini uyğun plastik yastı səbətlərə yığır, dəmir relslərin üzəri ilə sürüşdürüb, böyük qabyuyan maşınının içərisinə itələyir, sonra da qapağını bağlayıb düyməsini basırdı.

Yemək zalına, qonaqların oturduğu yerə getməyi sevməzdi. Ora keçəndə sıxıldığını hiss edirdik. Qabyuyan maşınının yanında özünü daha güvənli hiss edirdi.

Çox vaxt susardı. Nok deyirdi ki, yəqin, isveçcəsi zəif olduğu üçün çox danışmır, qoy bir az öyrənsin, gör necə dili açılacaq.

Yaş məsələsi isə hamı üçün müəmmalı idi. Utancaqlığını, dodaqlarında gizlənən uşaq təbəssümünü nəzərə almasaq, alnındakı qırışlar, hərəkətlərindəki ağırlıq Nesara 30 yaş verməyimizə əsas verirdi. Amma o yaşının 19 olduğunu demişdi. Burada da Nokun o qədər də ürəkaçan olmayan və xoş səslənməyən fikirləri ortalığa girirdi.

Nokun ehtimalına görə, Əfqanıstandan gəlib, İsveçdə oturum icazəsi almaq istəyənlər yaşlarını azaldıb 18-dən aşağı göstərirlər ki, ölkə, öz qanunlarına görə, onları azyaşlı kimi geriyə - vətəninə göndərə bilməsin və sonunda oturum iznini versin. Yəqin Nesar da bu metoddan istifadə edərək, ölkəni aldatmaqla məşğuldur.

Nok həm də deyirdi ki, onlar çox vaxt sənədlərini gizlədib göstərmirlər.
Bu dəfə mən etiraz eləmişdim:
- Bəlkə, Nesarın yanında gətirmək üçün heç yerli-dibli sənədi olmayıb. Bəlkə, Nesar heç özü də yaşının nə qədər olduğunu bilmir? Əfqanistanda doğulduğundan kimliyi olmayan, elə o cür də böyüyən uşaqlar azdırmı?

Kimin fikri daha inandırıcı idi, deyə bilmərəm, amma çoxumuzda, Nesarın içindən, İsveç dilini tam öyrənəndən və İsveç oturum iznini alandan sonra sankı bir ayrı adam çıxacağı kimi gözləntimiz vardı elə bil. Sankı bu utancaq oğlanın yerində birdən-birə cinə oxşar biri peyda olub, kinolardakı kimi gözlərindəki nifrətlə dişlərini qıcayaraq, acı, rişxəndli gülüşlə: “İndiyə qədər hamınızı aldadırdım! Axmaqlar! Əsl Nesar mənəm! Əslində, mənim adım heç Nesar də deyil! Hahaha!” deyəcəkdi və şalvarının cibində gizlətmiş olduğu, amma nədənsə indiyə qədər görə bilmədiyimiz tapancasını çıxararaq öldürəcəkdi hamımızı. Yaralı halda yerə uzanmış Nok də zarıyacaqdı: “Axı sizəəəə demişdiiiim!”

“Orada səkkiz yaşlı uşaqlar da tüfəngi gözüyumulu açıb-yığmağı bilirlər”, - Nok belə deyirdi həmişə.
Amma Nesar, içindən cin, cibindən də tapança çıxana heç oxşamırdı. Hələ üstəlik, heç demə, İsveçdə ömürlük oturum izni də var imiş.

İşdə Nesarın ən çox təəccübləndiyi və təəssüf etdiyi şey, yemək zalından artıq qalan ərzaqları zibilə atmağımız idi.

Sonrakı gün üçün çörək sifariş vermək, gələn qonaqların sayı ilə tənzimlənməyinə baxmayaraq, onların nə qədər yeyəcəklərini qabaqcadan dəqiq bilmədiyimiz üçün bəzən çörəyin artıq qalmağından qaçınmaq olmurdu. Nesar da, artıq qalan çörəkləri zibilə tullayanda, görməmək üçün üzünü yana çevirirdi. “Bu qədər çörəklə neçə ailə dolanar!”, deyirdi.

“Bu atılan ərzaqlardan bio qaz və istilik istehsal olunur” deməyimiz onu nə qədər sakitləşdirirdi, deyə bilmərəm, amma bir gün utana-utana, atacağımız çörəkləri vermək üçün şəhərin bir neçə yerində, küçədə oturan adamlarla danışdığını dedi. Onlardan biri həmişə “Akademibokhanden” kitab mağazasının qabağında oturub kitab oxuyan evsiz, biri Drottninqqatanda, öz gitarasında həmişə eyni musiqini çalan adam, biri də “Fleminqsberq” alış-veriş mərkəzinin qabağında oturan bolqariyalı dilənçi idi.

Hər gün artıq qalan çörəkləri kiçik sellefon torbalara yığıb, işdən sonra özü ilə aparırdı. Bu ərazilər bir-birinə o qədər yaxın olmasalar da, çörəyi paylamaq vaxtını çox alsa da, Nesar bundan məmnun idi, elə biz də.

Bir dəfə onun işinin azacıq səngidiyi vaxt yemək zalından gələn bulaşıq qablar azalan kimi, əlinə düşən ən kiçik fürsətdə telefonunu açıb nəyəsə baxdığını gördüm. Bax, onda gözlədiyimiz cinin əvəzinə, içindən çıxan uşağı görmək çətin deyildi. Güləndə qıyılıb tamamilə itən gözləri ilə telefona zillənib gülümsünür, arada səsinin yüksək çıxmaması üçün, çiyinlərini boynuna sıxıb, xısın-xısın gülürdü.

Görəsən, onu bu qədər güldürən nə idi? Marağımı saxlaya bilmədim, telefonuna işarə edib:
- Nəyə baxırsan elə? - deyə soruşdum.
O da cavabında:
- “O səs Əfqanistan” adlı mahnı yarışmasıdı, - dedi.

İçimdə, dünyaca məşhur olan bu yarışmanın Əfqanistanda da keçirilməsinə heyrətləndim. Sonra da heyrətlənməyimə təəccübləndim. Axı, niyə də olmasın?

Maraqla yarışma barədə verdiyim sualları Nesar həvəslə cavablandırırdı. Heç demə, indi yarışın ən sonuncu mərhələsiymiş və axırda iki nəfər - Soraya adlı bir qız və Reza adlı oğlan yarışacaqlarmış.

- Səncə, kim birinciliyə layiqdi? - deyə soruşanda, bir az duruxdu Nesar.
- Onsuz da Reza qalib gələcək, - dedi.
- Nə bilirsən?
- Bilirəm də. Çünki o, oğlandı. Həm də mahnı oxuyanda bir-iki dəfə Sorayanın örtüyü düşüb başından. Bunu da çox adam yaxşı qarşılamır. Ona görə Reza udacaq.

Səsindəki təəccübü hiss etmək çətin deyildi.
- Adamları boş ver, bəs, sən kimin tərəfini tutursan, kimin birinci yerə çıxmağını istəyirsən?
Bir az ara verdi. Ciddi-ciddi düşündü. Sonra yenə utancaq gülümsəməsi ilə gözləri qıyılıb yox oldu:
- Soraya,-dedi,- çünki o daha yaxşı oxuyur.

Özü barədə danışmağı sevməzdi. Ailəsi haqqında bildiklərimiz isə yalnız doqquz bacı-qardaşının və ən böyüklərinin də Nesarın olmasından ibarət idi.

Bizdə çox işləmədi, çünki iş saatlarının az olması onu qane etmirdi. Ailəsinə pul göndərmək üçün daha çox işləməli idi. Hotedə isə ona veriləcək çox iş olmadığı üçün bizimlə vidalaşmalı oldu. Deyirdi təzə iş də tapıb.

Nesar getdi. İçindən cin çıxacağı ehtimalımız yavaş-yavaş yox olduğu bir vaxtda, hər gün artıq qalan çörəklərin atılmamasına öyrəşdiyimiz bir vaxtda.

İndi də Nesarı xatırlayanda kədərli bir maraqla düşünürəm ki, görəsən, həmin ilin “O səs Əfqanistan” yarışmasının qalibi kim oldu: Soraya, yoxsa Reza?

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz