Rüstəm İbrahimbəyov vəfat edib

Xəbərin çap versiyası
Tarix: 11-03-2022, 17:41


Martın 11-nə keçən gecə Moskvada tanınmış Azərbaycan kinodramaturqu və ictimai xadim Rüstəm İbrahimbəyov 83 yaşında vəfat edib.

CivilAzerbaijan.com
bildirir ki, qızı Fatimə İbrahimbəyova Rusiya mediasına atasının ölümünü təsdiqləyib. O deyib ki, atası uzun müddət – üç ay xəstəlikdən əziyyət çəkib.

Mərhum Xalq yazıçısı 1967-ci ildə Moskvada Ali Ssenari kurslarını, 1974-cü ildə Ümumittifaq Kinematoqrafiya İnstitutu yanında Ali Rejissorluq kurslarını bitirib.

Onlarla film və ssenarinin müəllifidir. Bunlardan ən məşhuru "Səhranın bəyaz günəşi"dir. Nikita Mixalkovla əməkdaşlıq edərək “Urqa. Məhəbbət ərazisi” (Venesiya “Qızıl Aslan” Film Festivalının baş mükafatına, Rusiya Federasiyasının Dövlət Mükafatına layiq görülüb); "Günəşdən yorulanlar"(ən yaxşı xarici film üçün Oskar, Kann Film Festivalı Münsiflər Heyətinin Qran Prisini, Rusiya Federasiyasının dövlət mükafatını alıb) və “Sibir bərbəri” (dövlət mükafatını alıb) kimi filmlər çəkib.

O, Bakıda bir çox kinofestivallarda fəxri yer tutmuş ilk uşaq kino məktəbini yaradıb.

MDB və Baltik olkələri Kinematoqrafçılar İttifaqları Konfederasiyasının sədri, RKİ-nin katibi, Moskva Yəhudi Film Festivalının sədri, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, “Feliks” Avropa Kino Akademiyasının və Amerika Kino Sənəti Akademiyasının üzvüdür.

2008-ci ildə Azərbaycan hakimiyyətini tənqid edən müsahibə verib və bu, hakim rejimə meydan oxumaq kimi qiymətləndirilib. Sonra ona qarşı təqib və təzyiqlər başlayıb. O, əmlakından məhrum edilib, rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqı ofisindən çıxarılıb və faktiki olaraq bağlanıb.

2 iyul 2013-cü ildə Rüstəm İbrahimbəyov Azərbaycan prezident seçkilərində müxalifətdə olan Demokratik Qüvvələrin Milli Şurasından vahid namizəd kimi irəli sürülüb. Bu, onun hakimiyyətlə münaqişəsini daha da kəskinləşdirib.

Dörd ildən sonra hakimiyyətlə münasibətləri normallaşıb və İbrahimbəyov qeyri-ixtiyari sürgündən ölkəyə qayıda bilib, yenidən aktiv kino işinə başlayıb.

Son illərdə Bakıda Kino Məktəbini, eləcə də müxtəlif kursları bərpa etmişdi.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz