Nikol Paşinyandan Azərbaycanla sülh sazişi imzalamağa hazır olması barədə AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 31-03-2022, 15:53


Ermənistanın baş naziri Nikol Paşinyan qarşıdakı Brüssel görüşündə Azərbaycan prezidenti İlham Əliyevlə sülh danışıqları prosesinin başlanması ilə bağlı bütün məsələləri müzakirə etməyə və razılaşdırmağa ümid edir.

CivilAzerbaijan.com
bildirir ki, cümə axşamı hökumətin iclasında Paşinyan qeyd edib ki, erməni tərəfi Azərbaycanla sərhəddə, həmçinin Dağlıq Qarabağda vəziyyətin sabitləşdirilməsilə bağlı təklifləri dəstəkləyir.

“Hər cür, həm silahlı, həm də psixoloji təxribatlara son qoyulmalıdır”, - Ermənistan KİV Paşinyandan sitat gətirib.

Paşinyan bildirib ki, Ermənistan Bakının sülh sazişi ilə bağlı 5 bənddən ibarət təklifini qəbul edir, lakin Qarabağ erməniləri üçün təhlükəsizliyə zəmanətlə bağlı məsələlərin ora daxil edilməsini vacib hesab edir.

Xatırladaq ki, Bakının təkliflərinə aşağıdakılar daxildir:

1) suverenliyin, ərazi bütövlüyünün, beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması;
2) ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə onların irəli sürülməməsi;
3) tərəflər təhlükəsizliyə təhdidlərdən, müstəqilliyə və ərazi bütövlüyünə qarşı güc tətbiq etməkdən çəkinməyi öhdələrinə götürürlər;
4) dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
5) nəqliyyat və kommunikasiyaların açılması və digər sahələrdə əməkdaşlıq.


Bu təkliflərin qəbulu ilə bağlı Yerevanın bəyanatları fonunda Qarabağ separatçıları Azərbaycanın tərkibində olmağın mümkünsüzlüyünü bildirirlər və “Qarabağ ərazisinin Azərbaycan tərəfindən işğalı” haqda “qanunlar” qəbul edirlər.

Bundan əlavə, Qarabağ erməniləri tərksilahdan imtina edirlər və bildirirlər ki, Qarabağın müstəqilliyi uğrunda mübarizə prioritetdir.

Turanın məlumatında qeyd olunur ki, Ermənistan hakimiyyəti 90-cı illərin əvvəllərində işğal olunmuş Azərbaycanın Qazax rayonundakı 7 kəndi azad etməkdən imtina edir.

Bütün bunlar onu göstərir ki, erməni tərəfi münaqişənin sülh yolu ilə həllinə hazır deyil.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz