Avropa Şurasının Azərbaycan üçün Fəaliyyət Planı təqdim olunacaq
Tarix: 2-04-2022, 14:59
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç gələn həftə Azərbaycana gələcək. Aprelin 5-də Bakıda o, Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planını təqdim edəcək.
CivilAzerbaijan.com bildirir ki, tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Şurasının Bakı ofisinin və benefisiar təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak edəcəklər.
Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planı fevralın 16-da Avropa Şurası Nazirlər Komitəsi tərəfindən qəbul edilib. Azərbaycan qanunvericiliyinin, institutları və praktikasının insan hüquqları, qanunun aliliyi və demokratiya sahəsində Avropa Şurasının standartlarına uyğunlaşdırılmasına yönələn strateji proqramlaşdırma alətidir.
Sənəd Avropa Şurasına üzv ölkə kimi Azərbaycanın öz öhdəliklərini yerinə yetirməsi, milli qanunvericiliyi Avropa və beynəlxalq standartlara uyğunlaşdırması üzrə səylərinin dəstəklənməsinə yönəlib.
Turanın məlumatına görə, Fəaliyyət Planında Avropa Şurasının nizamnamə və nəzarət orqanlarının əvvəllər qəbul etdikləri qərar və tövsiyələr, habelə milli islahatlar proqramı nəzərə alınıb.
Azərbaycan üçün Fəaliyyət Planının ümumi büdcəsi 9,6 milyon avrodur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər