Brüssel görüşünün yekunlarına dair RƏSMİ MƏLUMAT
Tarix: 7-04-2022, 12:37
Avropa İttifaqı Şurası Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü, Azərbaycanın maraqlarına uyğun olaraq və bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafının təmin olunması istiqamətində atılmış növbəti önəmli addımdır.
CivilAzerbaijan.com bildirir ki, bu barədə Azərbaycan XİN-in Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş görüşünün yekunlarına dair məlumatında deyilir.
Görüş zamanı post-münaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 2020-ci ilin 9/10 noyabr üçtərəfli bəyanatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması və nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib. Görüş nəticəsində Aİ Şurasının Prezidenti bəyanat ilə çıxış edib.
Hələ bir il bundan öncə Azərbaycan tərəfindən irəli sürülən təşəbbüs və bir müddət öncə tərəfimizdən təqdim edilən baza prinsipləri əsasında iki ölkə arasında sülh sazişinin hazırlanmasına başlanılması ilə bağlı hər iki ölkənin xarici işlər nazirlərinə təlimat verilib.
İki dövlət arasında sərhədin delimitasiya və demarkasiyasının vacibliyi ifadə edilib və bu xüsüsda, cari ilin aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsi razılaşdırılıb, deyə nazirliyin məlumatında bildirilir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər