Jurnalist, “Cənub.az” saytının rəhbəri Zahir Əmənov saxlanılıb - SƏBƏB

Xəbərin çap versiyası
Tarix: 14-04-2022, 12:57


Aprelin 13-də Masallı rayonunda “Cənub.az” regional xəbər saytının təsisçisi və baş redaktoru Zahir Əmənov saxlanılıb.

Civilazerbaijan.com
bildirir ki, yerli mənbələrin məlumatına görə, Əmənov günorta redaksiyanın ofisində saxlanılıb.

Öz növbəsində hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, Əmanov Masallı rayonu Sığdaş kənd administrasiyasının rəhbəri İsrafil Əliyevin şikayəti əsasında saxlanılıb. İddiaya görə, Əmənov onu barəsində gözdən salan materialın dərcilə şantaj edib.

Əmənov 1500 manat pul alarkən cinayət başında yaxalanıb. Cinayət Məcəlləsinin 182.1 maddəsilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb. Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.

Bakı Mətbuat Klubunun həmtəsisçisi və direktoru, “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Turan-ın müxbirilə söhbətində ittihamın əsaslılığına şübhə edib.

Onun sözlərinə görə, Əmənov Masallı rayon polis şöbəsində saxlanılır, ona dövlət hesabına vəkil təyin edilib, 48 saat ərzində isə məhkəmə həbs qətimkan tədbirinə baxacaq.

“30 ildir ki, Zair Əmənovu Azərbaycanın aparıcı regional kütləvi informasiya vasitələrindən birinin rəhbəri, təcrübəli jurnalist kimi tanıyırıq. Ona görə də pul tələb etmə və cinayət başında yaxalanma kimi ittihamlar gerçək görünmür. İşin saxtalaşdırıldığına şübhəmiz yoxdur və işi nəzarətdə saxlayacağıq”, - Əliyev deyib.

Turanın məlumatına görə, Arif Əliyev diqqəti ona da yönəldib ki, son vaxtlar Əmənov Masallı rayon icra başçısı Şahin Məmmədovla münasibətlərindəki gərginlikdən şikayətlənib. Sonuncu rayondakı neqativ hallar, pis idarəçilik və sosial problemlərlə bağlı tənqidlərdən narazı qalıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz