Almaniyadan deportasiya edilmiş müxalifətçi Samir Aşurov saxlanılıb

Xəbərin çap versiyası
Tarix: 20-04-2022, 15:05


Martın 29-da Almaniyadan deportasiya edilmiş vətəndaş fəalı Samir Aşurov ötən gün polis tərəfindən saxlanılıb.

Civilazerbaijan.com
bildirir ki, onun xanımı Nuranə Aşurova Turan-a deyib ki, aprelin 19-da saat 21.30 radələrində Bakının Nizami rayonu ərazisində həyat yoldaşını saxlayıblar. Samir bu barədə ancaq ayın 20-i səhər saat 4:00-da məlumat verə bilib.

“Samir dedi ki, guya kiməsə bıçaqla xəsarət yetirdiyinə görə ona qarşı cinayət işi saxtalaşdırılır. Amma belə bir şey olmayıb. O, guya bıçaqladığı adamla heç tanış deyil”, - Aşurova deyib.

Bu gün Nizami Rayon Polis İdarəsinin rəisi onu qəbul edib.

“Mənə dedilər ki, Samir hansısa guya Elşən Nəbievi bıçaqlayıb. Rəis hadisənin harada, hansı şəraitdə baş verməsilə bağlı mənim suallarıma cavab verməkdən yayındı və “zərərçəkən”in kimliyi barədə heç nə demədi.

Mənə dedilər ki, bu şəxs Sabunçu rayonundakı 3 saylı şəhər xəstəxanasındadır. Xəstəxanada Nəbiyevin həkimi ilə görüşdüm, dedi ki, bağırsaqları zədələnib”, - Aşurova bildirib.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Turan-a bildirib ki, aprelin 19-da saat 21:00-a yaxın Bakı sakini Samir Aşurov aralarında yaranmış şəxsi münaqişə zəminində Şəki şəhər sakini Elşən Nəbiyevin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlayıb, istintaq hərəkətləri davam etdirilir, - Hacıyev bildirib.

Bu maddə üzrə Aşurovu 3 ildən 8 ilədək həbs təhlükəsi gözləyir.

“Müdafiə xətti” qeyri-hökumət təşkilatının üzvü Zəfər Əhmədov Aşurovun taleyilə bağlı narahatlığını bildirib.

“Almaniyadan readmissiya edilənlərin taleyi hüquq müdafiəçilərinin narahatlığına səbəb olur. Aşurov son beş ayda həbs edilən beşinci adamdır. Bu, təsadüfü ola bilməz. Almaniyada siyasi fəaliyyətlə məşğul olanlar, Azərbaycan hakimiyyətini tənqid edənlər həbs olunur. Biz artıq Avropa İttifaqı nümayəndəliyinə və Avropa ölkələrinin səfirliklərinə müraciət etmişik ki, Azərbaycanda həbsi gözlənilən şəxsləri geri qaytarmasınlar”, - Əhmədov deyib.

Samir Aşurov etiraz aksiyalarında iştiraka görə iki dəfə üç ay müddətinə inzibati qaydada həbs edildikdən sonra 2018-ci ilin sentyabrında Azərbaycandan mühacirət edib.

2022-ci il martın 29-da 38 nəfərlik qrupla birlikdə deportasiya edilib. Aşurov gələn kimi həbs təhlükəsi barədə bildirib. Aprelin 1-də Baş Prokurorluqda qanunsuz miqrasiya işi üzrə şahid qismində dindirilib. Prokurorluqdan çıxandan sonra həbs təhlükəsinin qaldığını bildirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz