Şəlalə ƏBİL. Gilavar - HEKAYƏ

Xəbərin çap versiyası
Tarix: 8-05-2022, 17:24


Uzun ullərdir İsveçdə yaşayan yazıçı-publisist Şəlalə Əbilin "Oliverin evi" kitabı bu günlərdə "Mücrü" nəşriyyatında işıq üzü görüb. Kitabda müəllifin son illərdə qələmə aldığı hekayələr və real hadisələrdən bəhs edən “Başıma gələnlər" silsiləsindən olan bədii-publisistik yazılar yer alıb. "Oliverin evi" Şəlalə Əbilin oxucularla ikinci görüşüdür. Bundan əvvəl isə onun "Teorem" hekayələr toplusu nəşr olunub və oxucular və bədii cameə tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, "Oliverin evi" kitabının redaktoru yazıçı-dramaturq Samir Sədaqətoğludur.

Civilazerbaijan.com
ilk dəfə "Oliverin evi" kitabında yayımlanan "Gilavar" hekayəsini təqdim edir:

Şəlalə Əbil

Gilavar
hekayə


Mən öləndən sonra pilləkanın başında üç yaşlı qızımla oturub ona parçadan tikdiyi oyuncaq kuklanın içini pambıqla dolduran Zema xanım (qaynanam), getməmişdən qabaq uşağı qucağıma götürüb öpməyimi da kədərli notlarla bəzəyəcəkdi: “Elə bil ölümə getdiyini bilirdi, balasını sonuncu dəfə görürmüş kimi öpüb bağrına basdı”.

Hər şey bağ qonşumuz Dilarənin günün ən qızmar vaxtında uşaqları ilə adamboyunu keçməyən bağ hasarımızın yanından gedən dəniz yolundan üzü bizim eyvana sarı qışqırıb mənə: “Dənizə gedirik, sən də gəl!” deməsi ilə başladı.

Dənizə gedəndə çox vaxt ətrafda yaşayan qonşu və qohumlar bir-birinə xəbər edərdilər, toplaşıb birgə gedərdik. Yaxın olduğu üçün dənizə bir gündə iki dəfə getdiyimiz də olurdu. Ancaq qadın və uşaqlardan ibarət dəstədə ən azı bir nəfər kişi xeylağının olması şərt idi.

Qaynatam səsə otaqdan çıxanda mən artıq çoxdan qurumuş qətvəmi zivənin üstündən dartıb götürürdüm. Bu vaxt qətvənin altından sərilmiş çimərlik geyimim sıyrılıb yerə düşdü (Evin bütün qadınları yuyulmuş alt paltarlarını və hətta çimərlik geyimini belə qurumaq üçün zivədən asanda, görünməsin deyə ,adətən,üstünə bir şey atarlar). Evin kişilərinin ipin o biri ucunda rahat və azad şəkildə yellənən alt geyimləri bir anlıq içimi göynətsə də, dənizdə çimməyin sevinci hər şeyi üstələdi. Zivədən aldıqlarımı tələsik sellafon bir torbanın içinə soxuşdurdum.

Mən öləndən sonra bu tələsgənliyimə də qaynanam bir ölüm havası qoşub deyəcəkdi ki, bəs, sankı ölməyə tələsirmişəm. Bizimkilərin qarşısında məsuliyyət hissindən yaxa qurtarmaq üçün ”Günah həmişə öləndə olur” məsəlinə uyğun olaraq, gənclərin sözə qulaq asmamasından, böyüklərdən soruşmadan, məsləhət eləmədən özbaşına qərar qəbul etdiklərindən, gedəcəyimdən xəbər tutanda, mənim artıq qətvə və çimərlik paltarımı zivədən alıb hazır vəziyyətdə dayandığımdan bir az da qınayıcı tərzdə danışacaqdı.

Qaynatam, dənizə gedən cığırda başına qaralmamaq üçün yalnız göz yerləri deşilmiş ağ torba salan və uşaqları ilə məni gözləyən Dilarəyə tərəf səslənib: “Kimlə gedirsiz?” deyə soruşanda, gənc qadın onun nəyi bilmək istədiyini həmən anladı və üzü eyvana:
- Kamran burdadı, Ələsgər əmi, arxayın olun, - deyib, əlini uşaqlardan ən böyüyü olan on yeddi yaşlı oğluna tərəf uzadıb, onu dənizdə çimdiyimiz zaman namus gözətçimiz olaraq qaynatama göstərdi.
Sonra da:
- Əla su var bu gün! Gilavardı! - dedi.

Həmişə ondan ayrılmağımdan narahat olan qızım nənəsinin içinə pambıq doldurmaqda olan kuklasını maraqla gözlədiyindən, onu qoyub getdiyimə görə üzgün görünmürdü. Hətta pilləkanın başından mənə əl də salladı. Onu çox nadir hallarda tək buraxsam da, günün belə qızmar vaxtında dənizə aparmaq fikrim yox idi. Heç dənizlik də deyildi, dalğaların gurultusundan qorxub sahilə yaxın getməzdi.

Hər yanı açıq olduğuna görə yeriyəndə içinə dolmuş isti qumu üst-başıma çırpan rezin başmaqlarımı ayağıma taxıb, bağların içindən qonşuların, bir-iki taxta qoparıb keçə biləcəyimiz qədər yer açdığımız hasarlarından sivişərək, özümüzçün düzəltdiyimiz kəsə yolla qaçıb Dilarəgilə çatanda qızımın hələ də eyvanda durub mənə əl yellədiyini gördüm.

Mən öləndən sonra Dilarə başındakı ağ torbaya rəğmən, nəzərindən qaçırtmadığı bu görüntüyə də bir melodramatik don geyindirəcəkdi ki, bəs, sankı qızım məni son dəfə gördüyünü hiss eləyirmiş.

Ağzımdan çıxan sözlər son kəlmələr olduğu üçün yolda danışdıqlarımı, etdiyim hərəkətləri, sonralar, mən həyatda olmayanda, anam, bacılarım Dilarədən dəfələrlə soruşacaqdılar. O da dediklərimin hamısına bir kədər donu geyindirib, sankı öləcəyimi hiss edirmişəmmiş kimi, qismətdən qaçmaq olmaz prinsipini əsas gətirəcəkdi.

Yolda Dilarə neçə günün dəli Xəzri küləyindən sonra dənizin yumşalmasına görə əslində, böyük oğlu Kamrana minnətdar olmağımızın gərəkdiyindən danışmışdı. Çünki bu yerdəyişmə, yəni soyuq şimal küləyinin şəhərdən dənizə tərəf əsən isti cənub yeli ilə əvəz olunmasında, evin böyük uşağının, əncir ağacının budağından yapışıb silkələyərək:

Mən anamın ilkiyəm,
Ağzı qara tülküyəm,
Xəzri get, Gilavar gəl!


sözlərini üç dəfə deməklə baş verdiyi üçün, Kamranın neçə günlük əziyyətini danmaq olmazmış.

Hə, bir də, deyəsən, yolda yeməkdən danışmışdı Dilarə, pendir-çörəkdən, ağır olduğu üçün bütöv deyil, dilimləyib hazır şəkildə götürdüyü qarpızdan...

Bizdən dənizə gedən yol o qədər də uzaq deyildi. Bağların arası ilə gedib tikilişi yarımçıq qalmış pansionatın yanından sahilə daha da tez çatmaq olurdı.

Bu da dəniz!

Bu da Gilavar! Şəhərdən əsən isti külək, dənizin üstündə, sahildən başlayıb üzü dərinliklərə doğru axan xırda, qırçın dalğalar yaratmışdı.
Vaxtı itirmədən özümüzü suya vurduq.

Uşaqlar üzməyi azdan-çoxdan bacarırdılar. Bağa, dənizə tez-tez gəldikləri üçün oğlanların üçünü də üzgüçülük kursuna yazdırmışdılar. Dilarə də çulunu sudan çıxara bilirdi. Ən bərbadı mən idim.

Dənizin bir anın içində adamı udub yox edə biləcək gücündə olduğunu ağlım dərk etsə də, suyun mənə verdiyi sevinc, içimdəki qorxunu yox edirdi.

Dənizi sevirdim və onun mənə zərər verəcəyinə inanmırdım. Dəniz mənim sonsuz xəyallarım, azadlığım, üfüqündə tapdığım ümidlərim idi.

Uşaqlar bizdən bir az aralıda zarafatlaşaraq çimməklərində ikən, mən də suda, başındakı ağ torbası ilə on-on beş metr uzaqlıqda olan Dilarə ilə ara-bərə danışıb, üzürmüş kimi uşaqca yöndəmsiz əl-qol hərəkətləri atıb oynadığım bir vaxtda, birdən qumun ayağımın altından sürüşməyə başladığını hiss etdim.

Həyəcanla:
- Bura dərindi! Su mənə boy vermir !- deməyimlə torpağın ayağımın altından yox olması bir oldu.
- Boğuluram! Kömək edin! -çapalamağa və qışqırmağa başladım.
Hər şey elə anidən oldu ki! Suyun üzündə qalmaq çətinləşirdi, batıb-çıxmağa başladım.

Dilarə:
- Əl-qolunu tərpət! Əl-qolunu tərpət! Qorxma! - deyə-deyə mənə tərəf üzüb kömək eləməyə çalışdı. Amma hər ikimizin təlaşa düşməsindən, Dilarənin də batan birisini xilas edəcək qədər peşəkar olmadığından və mənim nəfəs ala bilməyim üçün, bərk-bərk yapışıb onu da suyun içinə dartacagımdan qorxduğuna görə, birdən başındakı ağ torbanı çıxarıb qolu uzunu yellədə-yellədə sahilə tərəf üzməyə başladı.

Sonralar, hər dəfə cəhd edib başımı suyun üstünə çıxaranda “Kömək edin!” deyə qışqırmağımı, hətta sahildəki adamların yardıma gəlməmələrinin səbəbini dili başa düşmədiklərindən bilib, rusca “Pomaqite!” deməyimi də xatırlayacaqdım. Gilavarda yel şəhərdən dənizə əsdiyi üçün səsimizin sahilə çatmadığını da sonralar anlayacaqdım.

Artıq qollarım məni bir udum nəfəs almaq üçün anlıq da olsa, suyun üstünə çıxaracaq gücdə deyildi. Sakitləşdim. Ölümü qəbul etdim. Su udmağa başlasam da, hələ ağlım üstümdə idi və kino lenti kimi həyatım gözümün önündən keçdi. “Belə tez???”, - deyə təəssüfləndim. Qızımı düşündüm, anasız böyüyəcəyini və həmin an bu hissin mənə öz ölümümdən daha çox acı verdiyini də sonralar lap yaxşı xatırlayacaqdım.

Daha sonralar isə bütün bunları anama danışıb hadisənin bu yerinə çatanda onun ağlaması və qucaqlayıb, “Bala belə bir şeydir” deməsi məni də kövrəldəcəkdi.

Bir an haradansa, bəlkə də, sonuncu dəfə suyun üzünə çıxıb bir udum nəfəs almaq üçün özümdə güc tapdım. Cəhdim baş tutdu və o bir anın içində kiminsə mənə tərəf üzdüyünü bulanıq şəkildə gördüm, sonra yenə də suyun dibinə çökməyə başladım.

Birdən kimsə məni dartıb yuxarı çəkdi. Ciyərlərimə hava dolması ilə yaşamaq ümidimin özümə qayıtmağı az qala dəli eləmişdi məni. Ona mənə kömək etməsi üçün yalvarır, suyun üstündə daha çox qala və nəfəs ala bilməyimdən ötrü çiyinlərindən tutaraq aşağı basırdım. Adam tez-tez “Məni batırma! Qorxma! Sakit dayansan, sənə kömək edəcəyəm...”, - deyirdi.

Neyləyim, sakit dayana bilmirdim, nəfəs almaq istəyirdim, çapalayırdım.

Tək bacarmayacağını anlayıb sahildə kömək üçün hazır dayanmış başqa birisini (sonradan dostu olduğunu öyrəndik) əlinin işarəsi ilə yardıma çağırdı. Dayandığımız yerin sahildən çox da uzaq olmaması və boyları kifayət qədər uzun olduğundan üzməyi də yaxşı bacaran bu iki gənc oğlan üçün, məni sahilə çıxara bilmələri o qədər də çətin olmadı.

Yaxınlığımızda çimənlərin hamısı sahilə çıxıb başıma yığılmışdılar. Adamlarla danışmaq gücündə olmadığıma görə, Dilarə əvəzimə onların suallarını cavablandırır, durmadan məni ölümdən qurtaran oğlanlara təşəkkür edirdi.

Özümə gəlməyim xeyli vaxt aparmışdı. Sonra toparlanıb getməmişdən qabaq bizdən bir qədər aralıda oturmuş xilaskarlarıma yaxınlaşmışdım. Təşəkkür sözlərimi ağzımda yarımçıq qoyub, utancaq halda “Bir şey deyil” dedilər. Sonralar haqqında heç nə bilmədiyim bu təvəzökar oğlanları tapmaq, onlara bir daha təşəkkür etmək dəfələrlə keçmişdi ürəyimdən, amma heç adını belə bilmədiyin birilərini axtarıb tapmaq mümkünsüz idi.

Hələ də dənizdə yaşadıqlarımızın şoku altında yavaş-yavaş üzü evə tərəf addımlayırdıq. Dilarə durmadan allaha şükür edir, hər dəfəsində “Əgər ölsəydin...” ifadəsini dilinə gətirəndə qulaqlarını çəkib, əlini bərk yerə vurmaq üçün qumlu bağ yolunda bir şey tapmadığına görə, qaçaraq tikilməkdə olan pansionatın ətrafına səpələnmiş dəmir parçalarına vurub geri qayıdırdı. Həyacanla əgər ağ torbası olmasaydı, bəlkə də, sahilə vaxtında xəbər çatdıra bilməyəcəyini və buna görə mənim də sağ qalmağımın mümkün olmayacağını, bu torbanı ömrü boyu “xilaskar” kimi yadigar saxlayacağını söyləyirdi.

Evdəkilərin hadisəyə münasibətinin içində həm sevinc, həm qorxu, həm də qınaq vardı.
Mənsə dənizdən küsmüşdüm, elə küsmüşdüm ki, balkondan aydın şəkildə görünən dənizə tərəf baxmaq belə istəmirdim.

Hönkürüb ağlamaq istədiyim halda, bunu eləyə bilmirdim. Hələ canımdan çıxmamış qorxu ilə qızımı bərk-bərk qucaqlayıb otaqların birində oturmuşdum. Bəlkə də onu gözləyirdim. Gələcək, bir-birimizə sarılıb ağlayacaq, ölərdimsə, qızımızın, özünün halının necə olacağını, məndən sonra bəlkə də, yaşaya bilməyəcəyini dəhşət içərisində danışacaq, sağ qaldığım üçün tanrıya şükürlər edəcəkdi.

Gəldi. Balkondakı səs-küyü oturduğum otaqdan eşitmək çətin deyildi. Hamı onu təbrik edir, boynuna bir qonaqlıq düşdüyündən, bu günü mənim ikinci ad günüm kimi geyd etmək lazım olduğundan danışırdılar.

Otağa girdi. O artıq hər şeyi bilirdi. İçimdən, bayaqdan boğulub qalmış hönkürtü çıxmağa hazır ikən, üstümə zillənmiş qəzəbli baxışlarla:
- Səni xilas edəndə harandan yapışmışdılar?! – deyə soruşdu.

Onun qəfil sualı ruh halıma uyğun gəlmədiyi üçün əvvəlcə başa düşmədim. İçimdən çıxmağa hazır olan hönkürtünü udub:
- Nə? - deyə soruşdum.

O da eyni soyuqqanlıqla:
- Deyirəm, səni sudan çıxaranda harandan tutmuşdular? - deyə təkrar elədı.

... O an otağın pəncərəsindən görünən dənizlə barışmaq keçdi ürəyimdən..

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər
{sape_links}{sape_article}



Facebook səhifəmiz