Daxili İşlər Nazirliyindən Böyük Britaniyanın Səfirliyinə ETİRAZ BƏYANATI

Xəbərin çap versiyası
Tarix: 17-05-2022, 17:00


Azərbaycan DİN şənbə günü Bakının mərkəzində ictimai fəalların etiraz aksiyası zamanı polisin hərəkətlərini etiraz azadlığı hüququnun pozulması adlandıran Böyük Britaniyanın Bakıdakı Səfirliyinin mövqeyindən narazıdır.

Civilazerbaijan.com
bildirir ki, bununla bağlı DİN-in rəsmi saytında bəyanat dərc olunub.

"Artıq xəbər verildiyi kimi 2022-ci il mayın 14-də bir qrup şəxs Səbail rayonu ərazisindəki “Fəvvarələr meydanı”nda müvafiq dövlət qurumları ilə razılaşdırılmamış aksiya keçirmişdir. Bu aksiyanın Azərbaycan Respublikasının "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanununa zidd keçirilməsinə baxmayaraq polis əməkdaşları tərəfindən aksiyaya müdaxilə edilməyib, əksinə iştirakçıların təhlükəsizliyi təmin olunub və aksiyanın yekununda müvafiq bəyanat səsləndirilib. Aksiya zamanı hər hansı insident qeydə alınmayıb və saxlanılan olmayıb.

Bununla belə, elə həmin gün Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin polisin aksiyaya ciddi müdaxilə etməsi və çoxlu sayda saxlanılan şəxsin olması barədə yanlış məlumat yayması qəbuledilməzdir və Azərbaycan Respublikasının daxili işlərinə əsassız müdaxilədir. Bu aksiyanın təşkilatçıları və iştirakçıları tərəfindən aksiyanın normal şəkildə keçdiyi və polisin davranışının qənaətbəxş qiymətləndirildiyi halda Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin aksiyaya yanlış qiymət verməsi və ittihamedici iddialarla çıxış etməsi başadüşülən deyil. Bu bəyanatı öz xidməti vəzifələrini yerinə yetirən polisin nüfuzuna xələl yetirmək cəhdi kimi qiymətləndiririk.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyini yaydığı bəyanatı təkzib etməyə və yol verdiyi səhvi etiraf etməyə çağırırıq", deyə DİN-in mayın 17-də yaydığı bəyanatda bildirilir.

Xatırladaq ki, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi mayın 14-də Bakıda dinc etiraz aksiyasının iştirakçılarına qarşı zorakılıq və jurnalistlərə və ictimai fəallara göstərilən təzyiqlə əlaqədar Azərbaycanda dinc etiraz hüququna riayət olunduğuna şübhəsini ifadə edib.

Turanın məlumatında qeyd olunur ki, aksiya başlamazdan əvvəl fəalların saxlanılmasına başlanıb, aksiyanın təşkilatçılarına isə Prezident Administrasiyasından təhdidlər daxil olub. Aksiya zamanı polis iştirakçıları dağıdıb və tədbiri keçirmələrinə imkan verməyib. Bütün bunlar onlarla jurnalistin çəkdiyi çoxsaylı videokadrlarda əksini tapıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər
{sape_links}{sape_article}



Facebook səhifəmiz